27 mart 2025 18:41
210

Martın 20-dən 26-dək təcili tibbi yardım xidmətinə 30 minə yaxın müraciət daxil olub

Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. Bakı şəhəri üzrə təcili tibbi yardım xidmətinə martın 20-dən 26-dək 14 min 370 çağırış daxil olub. Bu çağırışlardan 1 284 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib.

“İki sahil” xəbər verir ki,  bu barədə TƏBİB- dən məlumat verilib.

Bildirilib ki, 58 region üzrə isə bayram günlərində təcili tibbi yardım xidmətinə 15 min 598 çağırış daxil olub. 1 597 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib. Daha çox müraciət martın 21-22-də qeydə alınıb. Belə ki, martın 21-də müraciət sayı 2 min 159, hospitalizasiya olunanların sayı 191, martın 22-də isə müraciət sayı 2 min134, hospital olunanların sayı 199 təşkil edib.

Çağırış səbəbləri, əsasən, arterial təzyiqin yüksəlməsi, müxtəlif travmalar, dispeptik əlamətlər, kardioloji və respirator xəstəliklər və s. ilə bağlı olub.