24 fevral 2026 17:23
119

İİTKM-də “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası üzrə indikativ planlaşdırma məsələləri müzakirə olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın icrası çərçivəsində tədbirlərin monitorinqi, qiymətləndirilməsi və icraçı qurumlar üzrə koordinasiyanın gücləndirilməsi məqsədilə əsas icraçı dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

“İki sahil” xəbər verir ki, görüşdə Konsepsiya üzrə tədbirlərin mərhələli icrası, nəticə indikatorları üzrə hədəf göstəricilərin müəyyənləşdirilməsi və hesabatlılıq mexanizmlərinin tətbiqi məsələləri müzakirə olunub.

İİTKM-in icraçı direktorunun müavini Təranə Salıfova çıxış edərək Konsepsiyanın icrası üzrə tədbirlərin monitorinq və qiymətləndirilməsinin vahid yanaşma əsasında aparılmasının vacibliyini vurğulayıb. O, nəzərdə tutulmuş tədbirlər üzrə kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən edilməsi, icra müddətlərinin və məsul qurumların dəqiq təsnifatlandırılması, eləcə də nəticəyönümlü hesabatlılığın təmin olunmasına dair yanaşmaları diqqətə çatdırıb. Həmçinin Konsepsiya çərçivəsində nəzərdə tutulmuş tədbirlərin icrası üzrə məlumatların vahid elektron platforma üzərindən toplanması, təhlili və hesabatlılığın təmin edilməsini vurğulayıb.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini Ayaz Museyibov Konsepsiyanın icrası istiqamətində əsas diqqətin icraçı qurumlarla birgə işin təşkili, effektiv koordinasiya və kommunikasiya mexanizmlərinin qurulmasına yönəldiyini vurğulayıb. Həmçinin 250-dən artıq indikator üzrə tədbirlərin planlaşdırılması və indikator planının hazırlanması istiqamətində işlərin aparılacağı qeyd olunub. Bildirilib ki, konsepsiya çərçivəsində altı dövlət proqramının hazırlanması nəzərdə tutulub və bu istiqamətdə artıq işlərə başlanılıb.

Görüşdə Konsepsiya ilə bağlı hazırlanmış videoçarx nümayiş etdirilib. Sonra ekspert Süleyman Salahov təqdimatla çıxış edərək hədəf və məqsədlər barədə məlumat verib. 

İİTKM-in sektor müdiri Gültac Əhmədzadə-Tapdıqzadə indikativ planlaşdırma cədvəlini təqdim edərək qurumların məlumatları sistemə daxil etmə qaydaları, indikator cədvəllərinin formalaşdırılması və dövri hesabatlılıq mexanizmlərini izah edib.

Görüşdə Mədəniyyət, Maliyyə, Elm və Təhsil, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Turizm Agentliyi, Əqli Mülkiyyət Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 2026-cı il tarixli 888 nömrəli Sərəncamına əsasən, “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” üzrə tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçirilir.