29 mart 2025 12:29
239

BMT-nin İnsan Hüquqları Şurasında Qərbi Azərbaycandan olan uşaqlarla bağlı məsələ qaldırılıb

BMT-nin Cenevrə Ofisində İnsan Hüquqları Şurasının 58-ci sessiyası çərçivəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə “Münaqişə bölgələrində uşaqların hüquqları” adlı yan tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə beynəlxalq təşkilatların, müxtəlif ölkələrdən diplomatik korpusun təmsilçiləri, vətəndaş cəmiyyəti nümayəndələri, tədqiqatçı-alimlər iştirak edib.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev münaqişələrin zərbə vurduğu əsas qrupun məhz uşaqlar olduğunu bildirib.

O, Qərbi Azərbaycandan deportasiya olunan və artıq başa çatmış Qarabağ münaqişəsindən təsirlənmiş azərbaycanlı uşaqların Ermənistan dövləti tərəfindən pozulmuş insan hüquqlarına dair məsələ qaldırıb:

“Təəssüflə qeyd etməliyəm ki, 1988-1989-cu illərdə etnik təmizləmə nəticəsində indiki Ermənistan ərazisindən 300 mindən artıq azərbaycanlı, o cümlədən on minlərlə uşaq yaşadığı doğma torpaqlarından deportasiya olunub”. Toplantıda Beynəlxalq Avrasiya Mətbuat Fondunun dünyada uşaqların taleyindən bəhs edən “Müharibə və uşaqlar” adlı videoçarxı nümayiş olunub.

BAMF-ın nümayəndəsi Nik Nvolisa münaqişə baş vermiş və hazırda qaynar olan bölgələrdə yaşayan uşaqlar haqqında hesabat təqdim edib.

Hesabatda Azərbaycanın mina qurbanlarının statistikası da öz əksini tapıb.

Təqdimatdan sonra yan tədbirin təşkilatçılarından olan “Beynəlxalq Hüquqlar və İnkişaf İnstitutu”nun İdarə Heyətinin üzvü, “Qlobal Su Ətraf Mühit və Sağlamlıq İnstitutu”nun icraçı direktoru Nidal Səlim münaqişələrin uşaqların həyatını məhv etdiyini qeyd edib:

“Son günlər yenidən Qəzzada münaqişənin aktivləşdiyini müşahidə edirik. Bizi ən çox məyus edən isə həyatını itirənlər arasında uşaqların sayının çox olmasıdır. Artıq qəbul etməliyik ki, sülh və əmin-amanlıq nəinki uşaqların, bütün insanların hüquqlarının qorunmasının təməl prinsipidir”.

Qlobal Cənub Şəbəkəsinin üzvü və Cenevrə Diplomatiya Məktəbinin mentoru Blerim Mustafa uşaqlarla bağlı mühüm statistikaları təqdim edib, xüsusilə Xocalı soyqırımında öldürülmüş uşaqları xatırladıb:

“Beynəlxalq araşdırmalara görə, hər 6 uşaqdan 1-i münaqişənin təsirinə məruz qalan bölgələrdə yaşayır. 1990-cı illərdə münaqişə bölgələrində yaşayan uşaqların sayı 10% olduğu halda, bu gün bu rəqəm təxminən 2 dəfə artaraq 19%-ə çatıb. Birinci və İkinci Qarabağ müharibələri zamanı uşaqlar da bu münaqişənin qurbanına çevriliblər. Xüsusilə, Xocalı soyqırımı azərbaycanlı uşaqların dəhşətli qətliamı kimi tarixə həkk olunub. Bu, dünyada milyonlarla uşağın üzləşdiyi acı reallıqlardan biridir”.

Panelistlərin çıxışları yekunlaşdıqdan sonra sual-cavab sessiyası təşkil olunub.

Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniyanın (ICAN) icraçı direktoru Melissa Parke tədbirin əhəmiyyətini qeyd edərək təşkilatçılara təşəkkür edib.

Tədbirin sonunda BAMF-ın beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə ünvanladığı bəyanatı səsləndirilib. Bəyanatda Ermənistandan deportasiya olunan və Qarabağ müharibələrindən təsirlənən azərbaycanlı uşaqlar haqqında faktlar da yer alıb.

Qeyd edək ki, BMT-nin Cenevrə Ofisində İnsan Hüquqları Şurasının 58-ci sessiyası çərçivəsində təşkil olunan yan tədbir Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə baş tutub.