29 mart 2025 17:52
400

“Xanəgah və onun Mədəti”

Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, jurnalist-publisist Qvami Məhəbbətoğlunun (Rəsulov) “Xanəgah və onun Mədəti” kitabı çapdan çıxıb. Bəri başdan qeyd edək ki, kitabda həm Qubanın Xanəgah kəndi, həm də bu kənddə boya-başa çatmış biologiya elmləri üzrə fəlsəfə doktoru Mədət Mirzəhməd oğlu Qurbanovun həyat və fəaliyyəti haqqında maraqlı faktlar yer alıb. Əməkdar dövlət qulluqçusu İsrafil Qurbanovun da bildirdiyi kimi, bu kitabın ərsəyə gəlməsində, Xanəgah kəndi, onun keçmişi və bu günü haqqında indiyədək heç Mədət müəllimin və həmkəndlilərinin bilmədiyi çox maraqlı tarixi məlumatların toplanıb oxucuya təqdim edilməsində xüsusi əməyi vardır. Müəllifin bir kəndə bir alimin həyatı fonunda baxışı olduqca təqdirəlayiqdir. Bu mənada “Xanəgah və onun Mədəti” Xanəgahla bağlı ətraflı məlumatların toplandığı ilk kitabdır.
Ümumilikdə, “Xanəgah və onun Mədəti” kitabı zəngin informasiya bazasına malikdir. Zənnimcə, kitab tarix, coğrafiya, etnoqrafiya və s. sahələrdə tədqiqat aparan mütəxəssislər üçün əhəmiyyətli ola bilər.
Yeri gəlmişkən, hazırda “İki sahil” qəzetində çalışan Qvami Məhəbbətoğlunun indiyədək satirik yazılarından ibarət “Hərdən gülməyim gəlir” (2011), “Bu mənim alın yazımdır” (2017), “Bibimin madonna servizi” (2019), “Alpan etüdləri” (2021), “Alpanımız” (2023), Quba rayonunun tanınmış şəxsləri - Müzəffər, Cəfər və Mehman İbrahimovların gənclərimizə örnək olan həyat və fəaliyyətlərindən ətraflı söz açan “Babam, atam və mən” (2023) kitablarının müəllifidir. 

“Şəfəq” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Qəhrəman Qasımov