Astara Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının əməkdaşları 2023-cü il antiterror tədbirləri zamanı şəhid olan leytenant Əli Rüstəm oğlu Babazadənin anası Dilbər xanımı doğum günü münasibətilə ziyarət ediblər. Xoş arzularını, təbriklərini anaya çatdıran ziyarətçilər bildiriblər ki, Əli kimi qəhrəman oğul böyütməklə bütün xalq sizinlə qürur duyur. Oğlunuz Əli cismən aramızdan gedib, o, Vətənin azadlığı, millətin xoşbəxtliyi naminə canını fəda etməklə əbədi olaraq ürəklərdə özünə məkan qurub. Əli indi təkcə sizin oğlunuz deyil, həm də bütün Azərbaycan üçün əzizdir və adı çəkiləndə hamı onunla fəxr edir.
Vətənini canından əziz tutan şəhid leytenant Əli Rüstəmov Astara rayonunun Kələdəhnə kəndində dünyaya göz açıb. Azərbaycan ordusunda nümunəvi xidməti ilə böyük hörmət qazanıb və 44 günlük haqq savaşımızda göstərdiyi qəhrəmanlıqla tarix yazıb. Antiterror tədbirləri zamanı axırıncı dəfə ailəsi ilə danışanda deyib ki, hər şey yaxşıdır, təki Vətən sağ olsun. Vətən üçün canından, qanından keçmək hər bir ləyaqətli oğlun borcudur.
Bir qız, bir oğlan övladı bizlərə əmanət qalan leytenant Əli Babazadə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü