Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də İran İslam Respublikası Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayini qəbul edib.
“İki sahil” xəbər verir ki, qəbula görə minnətdarlığını bildirən Mehdi Sənayi İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş etdi.
Ölkəmizə daha əvvəllər də səfər etdiyini xatırlayan qonaq Azərbaycanın davamlı inkişafının şahidi olduğunu dedi.
Mehdi Sənayi İranın qonşu dövlətlərlə, xüsusilə tarixi, dini, mədəni bağlılığı olan Azərbaycan ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini vurğuladı, hazırda ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə inkişafından məmnunluğunu bildirdi.
Dövlətimizin başçısı da öz növbəsində Azərbaycanın və İranın ortaq dəyərləri bölüşdüyünü qeyd edərək, son dövrlərdə ikitərəfli qarşılıqlı səfərlərin dinamikasını müsbət qiymətləndirdi.
Prezident İlham Əliyev Mehdi Sənayinin Azərbaycana səfərinin ikitərəfli gündəliklə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaradacağına ümidvarlığını ifadə etdi.
Görüşdə ölkələrimiz arasında nəqliyyat, xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı, iqtisadi-ticari, enerji və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair müzakirələr aparıldı, hökumətlərarası komissiyanın fəaliyyətinə toxunuldu.
Söhbət zamanı Ağbənd istiqamətində Araz çayı üzərində körpünün tikintisi prosesi ilə bağlı fikir mübadiləsi aparıldı.
Prezident İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
Ceyhun Bayramov: Son 15 il ərzində 140-dan çox ölkə Azərbaycanın beynəlxalq yardımından faydalanıb
Milli Məclisin komitələri 2026-cı il payız sessiyası ilə əlaqədar öz işinə başlayır