Audiovizual Şura “KANAL S”-in yayımınına aprelin 4-də 24 saatlıq dayandırılması haqqında qərar qəbul edib.
“İki sahil” xəbər verir ki, bu barədə qurum məlumat yayıb.
Bildirilib ki, aprelin 1-də Azərbaycan Audiovizual Şurasının onlayn iclası keçirilib. İclasda "Kanal S" televiziya kanalında yayımlanan "özün bitdiyi an" proqramının martın28-də saat 11:00-12:46 efirə getmiş buraxılışında aparıcının səsləndirdiyi fikirlərin qanunvericiliyin tələblərinə uyğunluğu müzakirə olunub.
"İlk olaraq qeyd olunan məsələ ilə bağlı monitorinq arayışı və müvafiq hüquqi rəy nəzərdən keçirilib. Müzakirələrdən sonra proqramda "Media haqqında" Azərbaycan Respublikası Qanununun 14.1.4-cü maddəsinin tələblərinin (irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkilik təbliğ olunmamalıdır) pozulmasının baş verdiyi ilə bağlı ümumi nəticəyə gəlinib. Aparıcı tərəfindən səslənən fikirlərin etik davranış normalarından savayı, gender bərabərliyi, hər hansı bir ayrı-seçkiliyin təbliğinin yol verilməməsi ilə bağlı qanunvericilik tələblərinin kobud pozulması faktı olduğu bildirilib",- məlumatda qeyd olunub.
Sonda qeyd olunan pozuntu faktına görə qanunla müəyyən edilmiş ən uzunmüddətli yayımın dayadırılması sanksiyası tətbiq olunaraq "Kanal S" televiziya kanalının proqramlarının yayımının 4 aprel 2025-ci il tarixdə saat 06.00-dan 05 aprel 2025-ci tarixdə saat 06.00-dək 24 saatlıq dayandırılması ilə bağlı müvafiq qərar qəbul olunub.
Həmçinin "Kanal S" MMC-nin rəhbərliyindən aparıcıların "Media haqqında" Qanuna uyğun fəaliyyət göstərmələrinin təmin edilməsi tələb olunub:
"Bildiririk ki, Azərbaycan Respublikasında mediada senzura qadağandır, heç bir fiziki və ya hüquqi şəxs, qurum və ya dövlət orqanı media azadlığına müdaxilə edə bilməz. Proqramların hazırlanması və yayımlanması mövcud qanunvericilik çərçivəsində, kənardan heç bir müdaxilə olmadan məhz həmin yayımçı tərəfindən həyata keçirilir. Yalnız qanuni tələblərin pozulması halında (bu pozuntuya aparıcı, ekspert və ya qonaq tərəfindən yol verilməsindən asılı olmayaraq) məhz həmin yayımçıya qarşı qanunla müəyyən olunmuş inzibati tənbeh tədbirləri tətbiq oluna bilər".