Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Kənd Təsərrüfatı Nazirliyi ilə FAO-nun birgə əməkdaşlığı çərçivəsində “Təhlükəsiz Qida üçün Heyvan Sağlamlığının Qorunması – Elm və Təcrübənin vəhdəti” mövzusunda tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə Aqrar Xidmətlər Agentliyinin rəhbərliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi, Azərbaycan Dövlət Aqrar Universitetinin tələbə və müəllim heyəti, beynəlxalq tərəfdaşlar və Türkiyənin Uludağ Universitetinin virusologiya üzrə alimləri, Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin əməkdaşları, eləcə də baytar həkimlər iştirak ediblər.
ADAU-nun rektoru Zəfər Qurbanov tədbirin mövzusunun müasir dövrümüz üçün aktual olduğunu bildirib.
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev isə Prezident İlham Əliyevin aqrar sahəyə göstərdiyi diqqət və qayğısının nəticəsi olaraq kənd təsərrüfatının digər istiqamətləri ilə yanaşı, baytarlıq sahəsində də əhəmiyyətli irəliləyişlərin əldə olunduğunu vurğulayıb. Bildirib ki, hazırda baytarlıq sisteminin təkmilləşdirilməsi, rəqəmsallaşdırılması və baytar mütəxəssislərin peşə bacarıqlarının artırılması istiqamətində işlər davam etdirilir.
Gənc mütəxəssislərin hazırlanması, onların bilik və bacarıqlarının artırılması, təhsil və sahə təcrübəsinin vəhdəti ilə peşəkar kadrların formalaşdırılması tədbirdə əsas müzakirə mövzularından biri olub. Bu istiqamətdə Azərbaycan Dövlət Aqrar Universiteti ilə əməkdaşlığın daha da dərinləşdirilməsi vacib hesab edilib.
FAO-nun milli eksperti Elşad Rzayev “Regionda yoluxucu heyvan xəstəlikləri- Təhlükələr və həll yolları”, Türkiyənin Uludağ universitetinin kafedra müdiri Kadir Yeşilbağ “Virus xəstəlikləri - Biotəhlükəsizlik, Diaqnostika və peyvəndləmə”, Azərbaycan Dövlət Aqrar universitetinin Baytarlıq fakültəsinin dekanı Şəlalə Zeynalova “Virus xəstəliklərin qarşısının alınması strategiyaları” mövzuları üzrə təqdimatla çıxış ediblər.
Onlar qlobal çağırışlara cavab vermək üçün elm, təhsil və beynəlxalq təcrübənin vəhdətinin vacibliyini vurğulayıblar.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.