01 aprel 2025 22:38
306

Səhnəmizin Məcnunu

Xalq artisti, “Şöhrət” ordenli Mənsum İbrahimov… Avazı ilə könüllərdə yuva salan, muğamlarımızın mahir bilicilərindən sayılan, muğam irsimizin gələcək nəsillərə çatdırılması üçün yorulmadan çalışan bu sənətkar artıq neçə ildir səhnədədir. Çox sevdiyi “Leyli və Məcnun”dakı Məcnun rolunun mahir ifaçısı kimi tanınan Mənsum İbrahimova səhnəmizin Məcnunu da deyirlər. Dediyinə görə, elə musiqi zövqünün formalaşmasında neçə-neçə muğam ifaçıları yetirşdirmiş Ağdam mühiti mühüm rol oynayıb.

“Fərqli hisslər yaşadım”

- Mənsum müəllim, görkəmli muğam ustadı Xan Şuşinski deyirdi: "Muğam bir dəryadır ki, mən ondan bir cam götürmüşəm". Bəs siz həmin dəryadan neçə cam götürə bilmisiniz?

- Böyük ustadımız Xan əmiyə Allah rəhmət eləsin. Həqiqətən muğam bir dəryadır. Hər kəs oradan gücü çatan qədər nəsə götürə bilir. Bugünkü səviyyəyə gəlib çıxmışamsa, yəni, xalq məni bir müğam ustadı kimi tanıyırsa deməli, az da olsa oradan bir şeyx əxz edə bilmişəm.

- Bayağı musiqilərin baş alıb getdiyi bir zamanda hərdən belə bir fikir də səslənir: muğam populyarlığını itirir. Bu fikrə münasibətinizi bilmək maraqlı olardı.

- Bu fikirlə əsla razı deyiləm. Ona görə ki, muğam dəb musiqisi, yaxud adi bir musiqi parçası deyil. Muğam fəlsəfədir, muğam xalqımızın zəngin tarixini, adət-ənənəsini özündə əks etdirən milli sərvətimizdir.  Bu mənada mənim fikrimcə, muğam qədim olduğu qədər də müasirdir. Ölkəmizin müxtəlif bölgələrində - Bakıda, Füzulidə, Ağcabədidə, Ağdamda (Quzanlıda), Sumqayıtda muğam mərkəzləri tikilib. Ağdam şəhəri işğaldan azad olunandan sonra orada da möhtəşəm muğam mərkəzi inşa edilir. Yeri gəlmişkən, Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Ağdam Muğam Mərkəzində görülən tikinti işləri ilə tanış olublar. Məgər bütün bunlar muğamın populyarlığından xəbər vermirmi? Amma etiraf etmək lazımdır ki, zaman-zaman muğama fərqli münasibətlər ola bilər.

- 2020-ci ilin noyabr ayında Ağdam Dram Teatrının binasının qalıqları önündə siz “Qarabağ şikəstəsi”ni ifa etdiniz. Ağdam şəhəri 27 ildən sonra ilk dəfə sizin ifanızda “Qarabağ şikəstəsi”ni eşitdi. O vaxta qədər ifa etdiyiniz “Qarabağ şikəstəsi” ilə həmin gün ifa etdiyiniz “Qarabağ şikəstəsi” arasında hansısa özəl çalarlar oldumu?

- Noyabrın 28-də Azərbaycandakı diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri işğaldan azad olunmuş Ağdam şəhərinə səfər etmişdilər. Səfərin məqsədi diplomatları Ermənistan silahlı qüvvələrinin Ağdam şəhərində törətdiyi vəhşiliklər, cinayət izləri ilə tanış etməkdən ibarət idi.  Elə həmin gün mən erməni vandalları tərəfindın xarabaya çevrilmiş Ağdam Dram Teatrının binasının qalıqları önündə xarici ölkə səfirləri üçün “Qarabağ” muğam qrupumun müşayiəti ilə “Qarabağ şikəstəsi”ni ifa etdim. Bununla da 27 illik həsrətdən sonra ilk dəfə mənim ifamda Ağdamda “Qarabağ şikəstəsi” səsləndi. Amma həmin mahnını ifa edərkən fərqli hisslər yaşadım. Onları sözlə ifadə etməkdə çətinlik çəkirəm. Amma belə deyim: Ağdamsızlığa, Qarabağsızlığa qədər “Qarabağ şikəstəsi”ni torpaq nisgili ilə oxuyurdum. Həmin gün isə 30 ildən sonra torpağına qovuşan Qarabağlı, orada doğulan bir insan, vətəndaş kimi torpağımın üstündə ayağımı basaraq o şikəstəni qürur hissi ilə, həm də qalib bir ölkənin sənətkarı kimi ifa etdim. Belə bir səadətə nəsib olduğuma görə özümü çox xoşbəxt sandım. Bu mənada demək olar ki, Ağdam Dram Teatrının binasının xarabalığı mənim üçün dünyanın ən möhtəşəm səhnəsindən üstün gəldi.

“Müharibənin də bir mədəniyyəti var”

- İllər sonra Ağdama qayıdanda sizi ən çox yandıran nə oldu?

- Erməni vandallarının 30 il işğal altında saxladıqları bütün ərazilərimizi xarabazara çevirdikləri artıq beynəlxalq aləmə məlumdur. Konkret Ağdama gəldikdə isə erməni vəhşiləri orada daşı-daş üstə qoymamışdılar. Hətta qəbiristanlıqları da, mədəniyyət evlərini də viranə qoymuşdular. Bu məkanı sözün həqiqi mənasında Xirosimaya çevirmişdilər. Halbuki, müharibənin də bir mədəniyyəti var. Mən ilk dəfə orada olanda bu məkanı  qəzəb və həyəcansız seyr edə bilmədim. Onu da bildirim ki, Ağdam hazırda özünün xoş günlərini yaşayır. Ona belə günləri bəxş edən isə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıqları əsasında aparılan yenidənqurma və abadlıq-quruculuq işləridir.

- Mənsum müəllim, indiyədək "Qarabağ" muğam qrupunuzla dünyanın müxtəlif ölkələrində konsertlər vermisiniz. Bu konsertlərdə yaddaşınıza əbədi həkk olunmuş hansısa maraqlı nüanslar varmı?

- Ərazilərimiz işğal altında olanda muğam qrupumla - “Qarabağ”la mən dünyanın bir çox ölkələrində olmuşam. Yeri gəlmişkən, "Qarabağ" muğam qrupununun üzvləri - Xalq artisti Elçin Həşimov (tar) Füzulidən, Əməkdar artist Elnur Əhmədov (kamança) Zəngilandadır. Mən özüm isə Ağdamdanam. Yəni, bizim üçümüzün də doğma yurd-yuvası işğal atdında idi.  Odur ki, hər birimiz Qarabağ həqiqətlərini musiqinin dili ilə bütün dünyaya çatdırmağa daha səylə çalışırdıq. Bir epizod deyim: 2011-ci ildə Kopenhangendə keçirilən musiqi festivalında bizim qrim otağımız ermənilərlə yanaşı idi. Otağımızın qapısının üstündə də “Qarabağ” yazılmışdı. Təşkilatçılardan biri bizə dedi ki, bəs ermənilər narazılıq edirlər, o adı oradan götürün.  Dedim ki, əvvəla, bu bizim qrupun adıdır, ikincisi də biz musiqiçiyik, siyasətçi deyilik. Bir sözlə, biz “Qarabağ” ifadəsini qapının üstündən götürmədik. Hə, elə həmin festivalda çıxışımızdan sonra bir danimarkalı jurnalist səhnəyə çıxdı. Bizim diasporun nümayəndələrinin birinin əlindən bayrağı aldı, dizini yerə qoyaraq bayrağı öpdü. Sonra dedi ki, mən belə bir musiqisi olan xalqın qarşısında baş əyirəm.  Şükürlər olsun ki, indi Qarabağ azaddır. İndi biz qalib bir millətin sənətkarı kimi Azərbaycan həqiqətlərin dünyaya çatdırırıq.

“Onların hər biri mənim üçün əzizdir”

- Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Leyli və Məcnun"da Məcnun, "Aşıq Qərib"də Qərib, "Gəlin qayası"nda Camal, "Sevil"də Azançı, “Vaqif”də Xanəndə rollarını ifa etmisiniz. Həmin rolların arasında bölgü aparanda hansına daha çox önəm verirsiniz?

- Onların hər biri mənim üçün əzizdir, doğmadır. Çünki onları, əgər belə demək mümkünsə, ərsəyə gətirmək üçün can qoymuşam, əziyyət çəkmişəm. Amma bu, bir həqiqətdir ki, Azərbaycan tamaşaçısı məni səhnəmizin Məcnunu kimi tanıyır. Bəziləri isə məni hətta “Məcnunun Məcnunu” adlandırırlar.  Bu gün də mən ideal hesab etdiyim o obrazı sevə-sevə ifa edirəm. Doğrudur, son vaxtlar ildə 1-2 dəfə bu rolda oluram. Bu da səbəbsiz deyil. Çünki daha meydanı gənclərə verir, onlara dəstək oluram. 

- Ümumiyyətlə, sizin bu sənət aləminizə gəlməyinizdə kimlərin rolu olub?

- Valideynlərimin, sənət müəllimlərimin, bir da təbii ki, Allahın mənə verdiyi istedadın. Mənim sənət müəllimim dünyasını vaxtsız dəyişmiş   muğam ustadı Vahid Abdullayev olub. Arif Babayevin, Şövkət Ələkbərovanın da mənim bu sənətə bağlanmağımda əvəzsiz xidmətləri olub.

- Bəs sizi Məcnun kimi, əgər belə demək mümkünsə, ilk dəfə kim kəşf edib?

- Mən Şövkət xanımın sinfinə gedib-gəlirdim. Bir gün Şövkət xanım mənə dedi ki, istəyirəm sən operada çalışasan və Məcnun rolunu ifa edəsən. Onda mən Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun 3-cü kursunda oxuyurdum. Dedim ki, yəni Məcnunu oxuya, bu rolun öhdəsindən gələ bilərəmmi? Sözün düzü, özümə bir o qədər də güvənmirdim. Şövkət xanım mənə dedi ki, sən öz üzərində çalışsan, tezliklə səhnəmizin ən yaxşı məcnunlarından biri ola bilərsən. Bəli, o bu sözləri ilə mənə sanki qol-qanad verdi. 1985-ci ildə Üzeyir Hacıbəylinin anadan olmasının 100 illiyinə həsr edilmiş müsabiqədə I dərəcəli diploma layiq görüldüm. Qalib kimi diplomu mənə Xalq artisti Şövkət Ələkbərova təqdim etdi. 1993-cü ildən "Leyli və Məcnun" operasında Məcnun rolunu oynadım. Bu rol mənim çoxdankı arzum idi. Həmin günü çox böyük həvəslə gözləmişdim və böyük həvəslə də məşq edirdim. Mən hər dəfə səhnəyə çıxanda, tamaşaçı alqışlarını görəndə Şövkət xanımın ruhuna dua oxuyuram. Allah onun ruhunu şad eləsin. O, həqiqətən böyük sənətkar və böyük insan idi.  Onu da deyim ki, mənim opera teatrında ilk rolum “Leyli və Məcnun”un  Zeydi olub.

“Ən böyük arzularımdan biri”

- Müsahibələrinizin birində demisiniz ki, ən böyük arzularımdan biri Şuşada Məcnun rolunda səhnəyə çıxmaqdır. Bunu nə vaxt reallaşdırmaq fikrindəsiniz?

- 3 il öncə Cıdır düzündə və Natəvanın sarayının qarşısında öz yerirməm Arzu Əliyeva ilə birgə İctimai Televiziyanın çəkilişlərində oldum. Biz orada "Leyli və Məcnun"dan kompozisiyalar oxuduq. Bununla Üzeyir Hacıbəylinin ruhunu da şad etdik.  İnşallah, gün gələr, "Leyli və Məcnun"u da Şuşada tam şəkildə tamaşaçılara təqdim edərəm.

- Muğam, xalq musiqisi ilə adı qoşa çəkilən Mənsum müəllimə görə son illərin muğam tapıntıları kimlərdir? Onlardan kimlərə qulaq asırsınız?

- Bəri başdan deyim ki, 2005-ci ildən etibarən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun keçirdiyi “Muğam” televiziya müsabiqələri nəticəsində bu gün muğama böyük diqqət və maraq var. Hətta deyərdim ki, Azərbaycan muğamının dünyada tanınmasında, təbliğində misilsiz xidmətləri olan Heydər Əliyev Fondu yaranan gündən bizim muğamımızın ikinci inkişaf dövrü başlayıb. Gənclər axınla bu sənətə gəlirlər. Hazırda onlar bu gün bizimlə çiyin-çiyinə muğamımıza layiqincə xidmət edirlər. Artıq bu gün onlar səhnəmizin Məcnunu, Aşıq Qəribi, Şah İsmayıldırlar, bu və ya digər musiqi məktəbinin müəllimləridirlər, Azərbaycan Dövlət Akademik Filarmoniyasının, Azərbaycan Televiziyasının, Beynəlxalq Muğam Mərkəzinin solistləridirlər. O ki qaldı onlardan kimə qulaq asıram... Bir çoxunu dinləyirəm. Amma ad çəkməyəcəyəm. Yeri gəlmişkən, bu günə qədər 8 dəfə muğam televiziya musabiqəsi keçirilib. Mən həmin müsabiqələrdə münsif kimi iştirak etmişəm. Ötən illərdə böyük maraqla izlənilən "Muğam” Televiziya Müsabiqəsinin sayca 9-cu yarışmasına da start verilir. Heydər Əliyev Fondunun dəstəyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti və Mədəniyyət Nazirliyinin iştirakı ilə ərsəyə gələcək müsabiqənin may ayından etibarən tamaşaçılara təqdim edilməsi nəzərdə tutulub. Bununla biz növbəti dəfə yeni gənc ifaçıları üzə çıxaracağıq.

- Son illərdə yaddaşınıza əbədi həkk olunan hansı hadisə olub?

- 2016-cı ildə başlayan Aprel döyüşləri, 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında bir günlük antiterror əməliyyatları nəticəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bütün torpaqlarımız işğaldan azad olundu. Artıq həmin ərazilərdə müqəddəs üçrəngli bayrağımız dalğalanır.  Bütün bunları isə heç zaman unutmaq mümkün deyil. Bu bizim tariximizdə bir zirvədir. Hazırda "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı abadlıq, tikinti və quruculuq işləri gedir, bütün infrastrukturu ilə birlikdə yeni şəhərlər və qəsəbələr salınır, keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. İşğaldan azad edilmiş Qarabağa və Şərqi Zəngəzura hər dəfə  köç karvanları yola salınanda sevincimin həddi-hüdudu olmur. Belə anlarda bir qayda olaraq Zəfəri bizə yaşadan şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığ diləyirəm. Yeri gəlmişkən, mənim qardaşım oğlu İsrafil İbrahimov 44 günlük Vətən müharibəsinin 30-cu günü şəhidlik zirvəsinə yüksəlib. 3 qardaşım isə qazidir.

Qvami Məhəbbətoğlu, “İki sahil”