01 aprel 2025 17:54
100

492 musiqi müəllimi attestasiyadan keçə bilməyib

Son iki ayda 492 şəxs musiqi və incəsənət məktəblərində çalışan təhsilverənlər üçün keçirilən attestasiyadan keçə bilməyib.

“İki sahil” xəbər verir ki,  bu barədə "Report"a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, bu ilin fevral-mart aylarında keçirilən attestasiyanın ilkin mərhələsində 1 675 nəfər iştirak edib ki, bu da attestasiyaya cəlb olunmalı müəllimlərin 95,2 faizini təşkil edir. Attestasiyadan keçən 1 183 müəllimin 650 nəfəri, başqa sözlə 55%-i bütün komissiya üzvləri tərəfindən müsbət qiymətləndirilməklə ən yüksək nəticə göstərib.

Həmçinin 492 müəllim attestasiya komissiyalarının qiymətləndirməsinə əsasən tutduğu vəzifəyə uyğun hesab edilməyib. Onlardan 107 nəfər attestasiya komissiyasının bütün üzvləri, 273 müəllim bir nəfər (yerli həmkarlar təşkilatının nümayəndəsi) istisna olmaqla 4 komissiya üzvü tərəfindən tutduğu vəzifəyə uyğun olmayan kimi qiymətləndirilib.

112 nəfər təhsilverən isə komissiya üzvlərindən 2-si lehinə olmaqla, digər 3-ü tərəfindən tutduğu vəzifəyə uyğun hesab edilməyib. 

Eyni zamanda attestasiyada 2 lehinə, 3 əleyhinə səslə tutduğu vəzifəyə uyğun hesab edilməyən 112 nəfər təhsilverən təlimlərə cəlb olunmaq və müəyyən müddətdən sonra təşkil olunacaq imtahanın nəticələrinə əsasən əvvəlki iş yerlərinə qəbul edilmək imkanı veriləcək. 

Tutduğu vəzifəyə uyğun hesab edilməmiş yaşı 60-dan yuxarı olan, eləcə də bir sıra ağır xəstəliyi olan müəllimlərin alternativ iş imkanlarının araşdırılması məqsədilə aidiyyəti regional mədəniyyət idarələrində komissiyalar yaradılacaq.