ABŞ prezidenti Donald Tramp ölkədə Çin əsaslı “TikTok” qadağası tarixini 75 gün uzatdıqdan sonra tətbiqin ana şirkəti “ByteDance” açıqlama yayıb.
“İki sahil” xəbər verir ki, açıqlamada ABŞ-da tətbiqin taleyi ilə bağlı danışıqların davam etdiyi və ABŞ tərəfi ilə həll edilməli olan məsələlərin olduğu bildirilib.
Açıqlamada ABŞ və Çin arasında hələlik heç bir razılaşmanın əldə olunmadığı vurğulanıb və hər hansı razılaşmanın Çin qanunlarına uyğun olaraq təsdiqlənəcəyi qeyd edilib.
“TikTok” Amerika şirkətinə satılmayacağı təqdirdə qanuna uyğun olaraq, yanvarın 19-da ABŞ-da qadağan edilib, lakin həmin gün ona giriş yenidən açılıb.
ABŞ prezidenti Donald Tramp vəzifəyə gəldiyi ilk gündə bu qanunun icrasını 75 gün müddətinə təxirə salan sərəncam imzalayıb, dünən isə bu müddəti daha 75 gün uzadıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”