03 aprel 2026 16:26
202

Müəllimlik həyatımın qayəsi, ayrılmaz hissəsidir… - MÜSAHİBƏ

Müəllimlik  insan həyatına işıq saçan, gələcəyin təməlini atan ən ali və məsuliyyətli peşələrdən biridir. Bu peşənin daşıyıcıları yalnız bilik ötürən deyil, həm də şəxsiyyət formalaşdıran, cəmiyyətə yol göstərən ziyalılardır. Hər bir uğurlu insanın arxasında mütləq bir müəllimin zəhməti, səbr və sevgisi dayanır. Bu baxımdan, müəllimlik sadəcə peşə deyil, həm də bir missiyadır. Bu dəfə sizə uzun illər pedaqoji fəaliyyət göstərmiş, öz zəhməti və nailiyyətləri ilə seçilən Bakı şəhəri, Həbibulla Hüseynov adına 83 nömrəli məktəb-liseyin riyaziyyat müəllimi Vəfa Sadıxovanı təqdim edirik.

-Əvvəlcə sizi tanıyaq…

 -Vəfa Eldar qızı Sadıxova. 4 sentyabr 1976-cı ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşam. 1992-ci ildə 246 nömrəli orta məktəbi gümüş medalla bitirmiş, həmin il Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuşam. 1997-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirərək 83 nömrəli məktəb-liseydə pedaqoji fəaliyyətə başlamışam. 29 illik müəllimlik fəaliyyətim ərzində daim öz üzərimdə çalışmış, müxtəlif təlimlərdə iştirak etmişəm. 2014-cü ildə diaqnostik qiymətləndirmədə 56 bal, 2024-cü ildə sertifikasiyada isə ümumilikdə 99 bal toplamışam.
Açıq dərslərim və hazırladığım tədbirlər mətbuatda işıqlandırılıb, metodik vəsaitlərin həmmüəllifiyəm. 13 ildir metodbirləşmə rəhbəriyəm, müxtəlif illərdə ADPU-da metodist kimi fəaliyyət göstərmişəm. Şagirdlərim respublika və beynəlxalq səviyyəli müsabiqə və olimpiadalarda uğur qazanmış, buraxılış nəticələrim daim yüksək olmuşdur. Əmək fəaliyyətim Elm və Təhsil Nazirliyi və digər qurumlar tərəfindən dəfələrlə mükafatlandırılmışdır.

-Riyaziyyat sahəsinə marağınız necə yaranıb və bu sahədə təhsil almaq qərarını necə verdiniz?

-Riyaziyyata həvəsim  çox kiçik yaşlarımdan olub. 1992-ci ildə qardaş ölkə Türkiyənin  ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmiş, 1000 mümkün baldan 923 bal yığaraq  Ortadoğu Teknik Üniversitesi – ODTÜ-də riyaziyyat müəllimliyi ixtisasına qəbul olsam da, ali təhsilimi  vətənimizdə  almağa qərar vermişəm. Odur ki, elə həmin il  Azərbaycanda ilk dəfə test üsulu ilə keçirilən qəbul imtahanında iştirak edərək Bakı Dövlət Universitetinin  Mexanika-riyaziyyat fakültəsinə daxil oldum.

-Müxtəlif peşələr arasında niyə məhz müəllimliyi seçdiniz?

-Qeyd etdiyim kimi ziyalı ailəsində dünyaya gəlmişəm. Atam müəllim, anam həkim olub. Bu gün bu yaşımda anlayıram ki, peşə seçimimdə atamın, bibilərimin şəxsi nümunəsi böyük rol oynayıb.

-Müəllimlik sizin üçün nə ifadə edir və bu peşəni necə xarakterizə edərdiniz?

-Müəllimlik mənim həyatımın qayəsi, ayrılmaz hissəsidir. Müəllimlik müqəddəs peşədir. O böyük məsuliyyət və mənəvi dəyər daşıyan bir missiyadır deyə bilərəm. Müəllimlik böyük fədakarlıq tələb edir. Mustafa Kamal Atatürk bu müəllim haqqında çox gözəl deyib. “ Əsərinin üzərində imzası olmayan yeganə sənətkar müəllimdir.”

-Müəllimlik peşəsinin ən çətin tərəflərini sizcə nələr təşkil edir?

-Müəllimlik peşəsinin çətinlikləri də çoxdur. Müəllim əhvalının necə olmasından asılı olmayaraq sinfin kandarından içəri addım atarkən bütün problemləri və düşüncələri  geridə qoymağı bacarmalıdır. Müəllim daim öz üzərində çalışmalı, yeniliklərdən xəbərdar olmalıdır. Müəllim şagirdlərin yaş psixologiyasını bilməli, yeniyetmələrlə işləyərkən xüsusilə diqqətli olmalıdır.Ən çətini isə eyni anda 25-30, bəzən 40  nəfərlik siniflərdə bütün şagirdləri öyrənmə prosesinə cəlb etməyi bacarmalıdır. Bu isə müəllimdən çox böyük enerji və fədakarlıq tələb edir.  

-İlk dərs gününüzü necə xatırlayırsınız? O gün sizdə hansı hisslər yaşandı?

-İlk dərs günü çox həyəcanlı idim. Zarafat deyil, 83 nömrəli məktəb-liseydə  fizika-riyaziyyat elmləri namizədləri, əməkdar və təcrübəli müəllimlər olan məktəbdə 21 yaşlı gənc qızın birdən-birə 9-cu kimya biologiya təmayüllü sinifdə  dərs deməsi böyük məsuliyyət idi. Onu da qeyd edim ki, o illərdə indikindən fərqli olaraq ,  məktəblərdə kişi müəllimlərin sayı çox idi. Ancaq 15 yaşlı şagirdlərlə aramızda yaş fərqinin az olması  onları daha yaxşı anlamama,tanımama səbəb oldu. Həmin sinfin bütün şagirdləri  ali məktəblərə qəbul oldular və bu gün onların əksəriyyəti peşəkar həkimlərdirlər.

 -Universitet və məktəb illərinizdə müəllimlərinizdən sizin üçün ən yadda qalan xatirələr hansılardır?

-Bu gün  cəmiyyətə yararlı bir şəxs,  müəllim kimi yetişməyimdə valideynlərimlə yanaşı orta məktəb  müəllimlərimin də əməyi əvəzsizdir.
Mən özümü şanslı insanlardan hesab edirəm. Çünki riyaziyyatın sirrlərini tələbələrinə qayğı ilə yanaşan, onları gələcəyin riyaziyyatçıları kimi görən Arif Babayev, Arif Səlimov, Nazim Abbasov, Ələddin Mahmudov,  Sənubər Qasımova, Məmməd Yaqubov kimi müəllimlərdən öyrənmişəm.
Birinci kursda “Riyazi analiz” fənnindən imtahanda çəkdiyib biletdə  limitə aid suala cavab yazmamışdım. Rəhmətlik Ələddin Mahmudov qiymət kitabçamda analitik həndəsə fənnindən Sənubər Qasımovanın imzası ilə “əla” qiyməti görəndə (Sənubər müəllimdən “əla”  qiymət almaq hər tələbənin hünəri deyildi)  məndən soruşdu ki, niyə suala cavab verməmişəm?  Mən də dedim ki, mövzunu başa düşməmişəm, əzbərləyə bilmirəm. Bax onda, imtahan zalında Ələddin müəllim lövhə qarşısına keçib həmin mövzunu şəxsən mənim üçün  izah etdi. Bu gün  orta məktəbdə hər dəfə limit mövzusunu keçəndə mən müəllimimi hörmət və ehtiram hissi ilə anıram.  Həmin gün müəllimim mənə yalnız limiti deyil, tələbəyə diferensial yanaşmanın onun həyatında, gələcək fəaliyyətində əhəmiyyətini də başa salmış oldu.
 1993-cü ildə  ikinci kursda oxuyurduq. Ailəsi  yurd-yuvasından məcburi köçkün düşmüş bir tələbə yoldaşımız  pəncərə qarşısında dayanıb ağlayırdı. Görkəmli pedaqoq ,  Azərbaycan Respublikasının Əməkdar elm xadimi , Şöhrət ordenli Məmməd Yaqubov  hələ onda bizə dərs demirdi. O, bizə yaxınlaşdı, tələbənin problemləri , çətinlikləri ilə maraqlandı, dekanlığa o tələbəyə qayğı ilə yanaşmalarını tapşırdı.

-Uzun illər məktəbdə çalışmış bir müəllim kimi əvvəlki nəsil şagirdlərlə indiki nəsil arasında hansı fərqləri müşahidə edirsiniz?

-Əvvəlki nəsil şagirdlər daha məsuliyyətli idilər və öyrənməyə çox maraqlı idilər.  Maraqlısı budur ki, bugünkü şagirdlər həmin əvvəlki nəsil şagirdlərin övladlarıdır. Onu da qeyd edim ki,  indiki  şagirdlərimdən bəzilərinin valideynlərinin də müəllimi olmuşam. İndiki şagirdlər informasiya bolluğu mühitində yaşayırlar və praqmatikdirlər. Odur ki, onlara riyaziyyatı öyrətmək üçün mütləq maraqlandırmağa çalışıram, yəni  nəyi və niyə öyrəndiklərini , bu biliklərin onlara harada və necə lazım olacağını izah edirəm.  

-Şagirdlərinizə həyat və təhsil yolunda ən çox hansı tövsiyələri verirsiniz?

-Həyatımın müxtəlif dönəmlərinə sinfindən yaşından asılı olaraq verdiyim tövsiyələr də müxtəlif olub. Ancaq onlardan bir neçəsi  öz aktuallığını həmişə qoruyub saxlayıb. Məsələn,  “Bir işi görməyib peşman olmaqdansa, görüb  peşman olmaq daha yaxşıdır”. (Təbii ki, daha yaxşı olar ki, ümumiyyətlə peşman olmayaq… Ancaq yoxlamaqdan, səhv etməkdən qorxmamaq lazımdır. Əks halda inkişaf etmək olmaz, ya da həyatdakı fürsətləri qaçırmaq olar.)
Və ya, “Riyaziyyatda bir faktın doğruluğu bütün mümkün hallarda göstərilməlidir, yanlışa isə bir nümunə kifayətdir”. Bu fikir həyatda da aktualdır.

- Müəllim olmaq istəyən gənclərə hansı tövsiyələri vermək istərdiniz?

- Qeyd etdiyim kimi, ADPU-nun riyaziyyat fakültəsinin tələbələrinə metodist kimi də fəaliyyət göstərmişəm. Təcrübəçi tələbələrimdən bir çoxu MİQ imtahanını uğurla verərək öz rayonlarında müəllim kimi fəaliyyət göstərirlər. Məsələn, Salyan rayon Aşağı Noxudlu kənd tam orta məktəbinin müəllimi Xanım Babazadə, Yardımlı rayonu Dağüzü kənd tam orta məktəbinin müəllimi Mikayıl Amanov pedaqoji təcrübə zamanı əldə etdikləri bilik və bacarıqları fəaliyyətlərində uğurla tətbiq etdikləri söyləyirlər.  Yalnız ixtisasını yaxşı bilməklə müəllim olmaq olmaz. Müəllim olmaq üçün uşaqları sevmək, paylaşmağı bacarmaq, başqalarının uğuruna öz uğurunmuş kimi sevinməyi bacarmaq lazımdır. Şagirdlərim arasında bu keyfiyyətlərə malik olanları görəndə onları müəllim olmağa həvəsləndirməyə çalışıram.  

-Tədris prosesində innovativ yanaşmaların və texnologiyaların tətbiqi barədə fikirləriniz necədir?

-Müasir dövrdə digər fənlər kimi riyaziyyatın tədrisində də innovativ yanaşmalar mühüm rol oynayır.  Bu yanaşmalar dərsi daha maraqlı, interaktiv və şagirdyönümlü edir. İnnovativ metodlar layihə əsaslı öyrənmə, problem həlli, tənqidi düşünmə tapşırıqları şagirdlərin bilikləri yalnız əzbərləməsinə deyil, onları real həyatda tətbiq etməsinə imkan yaradır. Texnologiyalar isə bu prosesi daha əlçatan və çevik edir.
Texnologiyanın tətbiqi müəllim–şagird əlaqəsini gücləndirir, dərsdə fərdi yanaşmanı asanlaşdırır.

- Peşə fəaliyyətiniz dövründə sizin üçün ən unudulmaz və yadda qalan məqamlar hansılardır?

-2021-ci ilin “Son zəng “ tədbirində peşəkar və təcrübəli müəllimlərlə yanaşı, sinif rəhbəri kimi iştirakım, ilk şagirdlərimin “pərvazlanıb “ müstəqil həyata atılmalarını izləmək mənim üçüm ən unudulmaz və yadda qalan məqamlardandır.

- Müəllimlik fəaliyyətinizdə sizi ən çox düşündürən və ilhamlandıran hadisələrdən danışa bilərsiniz?

-Keçmiş məzunlardan biri mənə məhz mənə görə riyaziyyat müəllimi olduğunu deyəndə çox təsirləndim. O gün bir daha anladım ki,  biz müəllimlər bilərəkdən, bəzən də  bilməyərəkdən şagirdlərimizin gələcəyinə, taleyinə təsir edirik. Odur ki, hər sözümüzü, hər hərəkətimizi yüz ölçüb bir biçməli, düşünmədən hərəkət etməməliyik. Biz onlara örnək olmalıyıq.

- Tədris prosesində istifadə olunan dərsliklərlə bağlı fikirləriniz necədir

-Dərsliklər bizim “ağrılı” yerimizdir, xüsusilə ötən il nəşr olunan 5-ci sinif riyaziyyat dərsliyi. Dərsliklər yazılarkən şağirdlərin yaş xüsusiyyətləri, öyrənma bacarıqları mütləq nəzərə alınmalıdır. Xüsusilə riyaziyyat fənninin tədrisində möhkəmləndirməyə yer verilməlidir. Dərslik o qədər informasiya ilə yüklüdür ki, təkrara, tətbiqə vaxt qalmır. 2-ci hissədəki fəza fiqurları bölməsində verilən  bəzi tapşırıqlar, 10- 11-ci sinif dərsliklərindəki müvafiq bölmələrdəki ən çətin tapşırıqlar səviyyəsindədir. Doğrudur, müəlliflər, deyəsən, bu problemləri  6-cı sinif dərsliyində düzəltməyə çalışıblar. Ancaq unutmamalıyıq ki, bir ildə həmin dərslikdən istifadə edən minlərlə şagirdin bir qismində fənnə qarşı yaranan qorxu onların sonrakı dövrdə  təhsilinə təsirsiz ötüb keçməyəcək. Belə dərsliklərlə tədris apararkən müəllimlərdən xüsusi bacarıq və səriştə tələb olunur.
Yeni dərsliklərin strukturu, orada riyaziyyatın tarixinə yer verilməsi, “STEAM” tapşırıqlarına yer verilməsi isə bu dərsliklərin təqdirəlayiq cəhətlərdir.
Dərsliklərdə varislik prinsipi qorunmalıdır, şagirdlərin yaş xüsusiyyətərinə uyğun yazılmalıdır.

- Riyaziyyat fənninin gənc nəslin dünyagörüşünün formalaşmasında rolu haqqında nə düşünürsünüz?

- Riyaziyyat fənninin gənc nəslin formalaşmasında müstəsna rolu var. Fikrimi çoxlarının görkəmli bəstəkar, şərqdə ilk operanın müəllifi kimi  tanıdığı Üzeyir Hacıbəylinin üç hissədən ibarət olan “Hesab məsələləri ”  adlı  Azərbaycandilli riyaziyyat dərsliyinin müqəddiməsində yazdığı sözlərlə ifadə etmək istəyirəm. "Mənim qəsdim şagirdlərimizi məsələ həllində müzakirə və mübahisəyə adət etdirməkdir. Çünki çox vaxt müsəlman şagirdləri hesab məsələlərini "nə üçün" və "çünki"siz həll edib, dəlil və sübutlar gətirməyə aciz olurlar".

- Sizcə yaxşı müəllim necə olmalıdır və hansı keyfiyyətlərə sahib olmalıdır?

- Mənim fikrimcə yaxşı müəllim fənnini yaxşı bilməklə yanaşı, yüksək insani keyfiyyətlərə malik şəxs –yəni dürüst, məsuliyyətli, ədalətli, mərhəmətli olmalıdır. Uşaqları sevməlidir, öyrənməkdən və öyrətməkdən usanmamalı, əksinə zövq almalıdır. Deyirlər ki, bilik və sevinc paylaşdıqca çoxalır, dərd isə əksinə azalır. Müəllim biliyini paylaşmağı bacarmalıdır.

- Müasir dövrdə müəllimin cəmiyyətdəki rolu və məsuliyyəti barədə nə düşünürsünüz?

-Gələcək nəslin formalaşmasında müəllimlərin müstəsna rolu var. Müasir dövrdə müəllim sadəcə bilik verən deyil, yol göstərəndir. Eyni zamanda, müəllim müasir biliklərə yiyələnmiş, tənqidi düşünən, dövlətçilik ideyalarına bağlı və qlobal rəqabətə hazır vətəndaşlar yetişdirmək vəzifəsini daşıyır. Qalib xalqın , qalib, müstəqil, suveren Azərbaycan dövlətinin müəllimi gənc nəslə sağlam vətənpərvərlik, milli-mənəvi dəyərlərə sədaqət və tarixi məsuliyyət hissi aşılamalıdır.

-Gələcəklə bağlı planlarınız və həyata keçirmək istədiyiniz məqsədlər hansılardır?

- Müstəqil və suveren Azərbaycan vətəndaşlarının formalaşmasında az da olsa mənim də payım vardır deyə bilmək üçün yaşamaq,  daim öz üzərində çalışmaq, öyrənmək və öyrətmək.

Yaqut Ağaşahqızı, “İki sahil”