Qərbi Azərbaycandan olanların doğma yurda qayıtmaları bölgənin sülh şəraitində inkişafına töhfə verəcək. Bunun üçün isə Ermənistan azərbaycanlıların Qərbi Azərbaycana qayıdışını təmin etməlidir.
Bunu politoloq Vaso Kapanadze Tbilisidə “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü", "Qərbi Azərbaycan - Geri qayıtmaq hüququ: Ermənistandan zorla qovulmuş azərbaycanlılar üçün ədalətin təmin edilməsi" və "Azərbaycanda minalardan təmizləmə: prioritetlər və ehtiyaclar" mövzularına həsr olunmuş beynəlxalq konfrans çərçivəsində təşkil olunmuş panel müzakirələrdə çıxışı zamanı söyləyib.
Onun sözlərinə görə, Ermənistan Qərbi Azərbaycana qayıdışa mane olmamalıdır. Bu, ilk növbədə onun beynəlxalq imicinə xidmət edir. Digər tərəfdən isə bölgə davamlı sülhə nail olmaq üçün çox vacibdir.
Politoloq hesab edir ki, dünyada və regionda baş verən hadisələr, xüsusən də qlobal çağırışlar fonunda Cənubi Qafqaz ölkələri üçün sülh çox vacibdir. Ermənistan da bunu başa düşüb qəbul etməlidir. Əgər Ermənistan buna əməl etməsə yenə də fəlakətlə üzləşəcək. Yeni qarşıdurma isə heç kimə lazım deyil.
AZƏRTAC