"İki sahil"in növbəti müsahibi Azərbaycanın tanınmış gənc pianoçulardan biri olan Eldəniz Ələkbərzadədir. Klassik musiqinin təbliği sahəsindəki uğurları və bənzərsiz üslubu ilə diqqət çəkən Eldəniz Ələkbərzadə bir çox beynəlxalq müsabiqələrdə uğurlar qazanıb. Müsahibədə onun musiqi karyerası, səhnə təcrübələri və şəxsi həyatı ilə bağlı dəyərli fikirlərini öyrənəcəyik:
- Sizin musiqiyə marağınız nə zaman yaranıb və ilk dəfə fortepianoya toxunduğunuz anı necə xatırlayırsınız?
- Musiqiyə marağım beş yaşım olanda başlayıb. Uşaq bağçasında musiqi dərsi zamanı ilk musiqi müəlliməm – Vera Romanovna Koryukovanın ifasını eşitdim. Xüsusilə Motsartın musiqisinə qarşı dərin maraq göstərdim. Hər şey Motsartdan başladı. Evə qayıdanda stul qoyub, notlar və ya kitablar açır, guya konsert verirəmmiş kimi musiqi ifa edirdim. Tamaşaçılarım isə anam və atam olurdu. Anam bu barədə müəlliməmə danışdı. Müəlliməm isə qulaq qabiliyyətimi və musiqi potensialımı yoxlayaraq, mənim ciddi şəkildə musiqi ilə məşğul olmağımı tövsiyə etdi. Beləliklə, musiqiyə olan marağım da məhz bu şəkildə üzə çıxdı. İlk dərslərdən sonra Vera Romanovna məni gözəl bir pedaqoqa — Tamara Qriqoryevna Peçenyovaya tövsiyə etdi. Elə bundan sonra musiqi ilə peşəkar şəkildə məşğul olmağa başladım. Mənə fortepianoda ifa etməyi və musiqi nəzəriyyəsini öyrətməyə başladılar.
-İlk səhnə təcrübəniz necə keçmişdi? Tamaşaçı qarşısında çıxış etmək sizdə hansı hissləri yaratdı?
-Mənim ilk tamaşaçılarım valideynlərim olub. Xüsusilə də anam - o, böyük səbirlə evdəki məşqlərimi dinləyirdi. Mən daim məşq etdikcə ananı çağırırdım ki, yeni öyrəndiyim bir parçanı ona ifa edim. Atam da mənim tamaşaçılarımdan biri idi, lakin o, anamdan fərqli olaraq evimizə fortepiano alındıqdan sonra özü də ifa etməyə başladı. Notaları oxuya bilməsə də, eşitmə qabiliyyəti ilə musiqini tapır və improvizasiya edirdi. Bir hadisəni heç vaxt unutmaram: bir dəfə atam evdə tək olanda yenə improvizasiya edirdi, qonşumuz isə eşidib elə zənn etmişdi ki, ifa edən mənəm və məktəbdə niyə olmadığımı öyrənmək üçün qapını döymüşdü. Amma məlum oldu ki, ifa edən atamdır. Yəqin ki, mən ona ilham vermişdim.
Mənim ilk səhnə təcrübəm isə Sankt-Peterburqda Andreev adına musiqi məktəbində olmuşdu – orada ilkin musiqi təhsilimi almışam. Bu, müəlliməmin təşkil etdiyi bir konsert idi və mən Maykaparın əsərlərini ifa etmişdim. Yadımdadır ki, ümumiyyətlə, həyəcan keçirmirdim. Maraqlısı budur ki, insan yaşa dolduqca, musiqinin və əsərlərin mənasını, məqsədini daha dərindən anladıqca, səhnəyə çıxanda daha çox həyəcan keçirir.
-Repertuar seçiminizdə əsas meyarlar hansılardır? Bir konsertə hazırlaşarkən nələrə üstünlük verirsiniz?
-Repertuar seçimi uzun və çoxşaxəli bir prosesdir. Bəzən bu, xeyli vaxt aparır. Əslində, konsert üçün repertuar tərtib edərkən hər bir detal önəm daşıyır. Məsələn, zalın akustikası və istifadə olunacaq alət – yəni fortepiano – çox ciddi rol oynayır. Çünki hər bir fortepiano fərqlidir. Əgər musiqiçi artıq həmin zalda çıxış edib və alətlə tanışdırsa, bu zaman alətin imkanlarını nəzərə almaq çox vacib olur. Başqa sözlə desək, fortepiano canlı bir varlıq kimidir — onu eşitməyi və onun “istəklərini” duymağı bacarmaq lazımdır. Mən alətlə mübarizə aparmağa çalışan musiqiçilərdən deyiləm.
Eyni yanaşma tamaşaçılara da aiddir. Mən heç vaxt dinləyicini özümü dinləməyə məcbur etmirəm. Sadəcə musiqiyə sadiq qalmağa və onu mümkün qədər səmimi, kompozitorun dünyasını anlayaraq, onun yaratdığı çərçivələr daxilində təfsir etməyə çalışıram. Şveytserin dediyi kimi: “Kompozitorun həyat yolunu onunla birgə keçmək lazımdır.” Mən sadəcə dəvət edə bilərəm — “gəlin dinləyin” deyə — amma əgər kiməsə mənim ifam və yanaşmam yaxın deyilsə, təkid etmərəm. Axı mən hər kəsin xoşuna gəlmək məcburiyyətində deyiləm.
-İndiyədək çıxış etdiyiniz konsertlər arasında ən yaddaqalanı hansıdır və niyə?
-Ən yaddaqalan konsertlərimdən biri Bakıda, Filarmoniyada baş tutmuşdu. O gün mən fransız bəstəkarı Moris Ravelin yalnız sol əl üçün yazdığı konsertini ifa edirdim. Bu əsər ifa baxımından olduqca mürəkkəbdir - həm texniki, həm harmonik, həm də forma baxımdan. Konsertdən əvvəl içimdə bir narahatlıq vardı: düşündüm ki, bəlkə də bu musiqi hər kəsə yaxın gəlməz, hər kəs anlamaz. Amma ifamdan sonra zal alqışlarla coşdu — tamaşaçılar məni ovasiya ilə yola saldılar.
Konsertdən sonra isə bir neçə insanın göz yaşlarını gördüm. Ravelin musiqisi onlarda dərin təsir buraxmışdı. Mən o an başa düşdüm ki, bu musiqi bayramının bir hissəsi olmaq - əsl xoşbəxtlikdir. Bu konsert və həmin duyğular mənim yaddaşımda ömürlük iz qoyub.
-Texniki baxımdan ən çətin hesab etdiyiniz əsər hansıdır və bu əsəri ifa edərkən hansı çətinliklərlə qarşılaşmısınız?
-Əslində, hər bir böyük bəstəkarın əsəri özlüyündə çətindir. Hər bir əsərin özünəməxsus tələbləri və mürəkkəbliyi var. Fortepianoda yüksək səviyyədə ifa etmək və eyni zamanda musiqini dərin şəkildə təfsir edə bilmək üçün musiqiçidən təkcə ifa bacarığı deyil, intellektual hazırlıq, geniş dünyagörüşü və həyat təcrübəsi də tələb olunur. Bu, həm fəlsəfi, həm psixoloji, həm də bədənlə bağlı çox incə və kompleks bir işdir.
Bədən də bu prosesdə mühüm rol oynayır. Plastikliyə, gücə, sürətə və koordinasiyaya sahib olmaq vacibdir — bütün bunları öyrənmək və inkişaf etdirmək lazımdır. Dəqiq bədən idarəsi bəzən texniki problemi həll edə bilər. Məsələn, Debüssinin fortepiano etüdlərində sol topuğun müəyyən şəkildə yerləşdirilməsi belə çətinliyi aradan qaldıra bilər. Musiqiçi təkcə musiqi ilə deyil, eyni zamanda alətlə, zalın atmosferi ilə və tamaşaçı ilə bir bütün halına gəlməyi bacarmalıdır. Dinləyicini hiss etmək ayrıca bir sənətdir.
Texniki baxımdan çətin əsərlər sırasında mənim çox sevdiyim və gələcəkdə ifa etməyi arzuladığım əsərlərdən biri — Bartokun İkinci fortepiano konsertidir. Bu əsər həm enerjisi, həm ritmik mürəkkəbliyi, həm də emosional dərinliyi ilə məni valeh edir. Onun ifası həm fiziki, həm də zehni baxımdan musiqiçidən maksimum tələb edir. Bu əsər mənim üçün həm bir çağırış, həm də böyük bir hədəfdir.
-Gələcəkdə hansı ölkələrdə və ya səhnələrdə çıxış etmək arzunuz var?
-Mənim bir arzum var - Sankt-Peterburq Filarmoniyasının Böyük Zalında konsert vermək. Bu zal mənim üçün xüsusi məna daşıyır, onun aurasi və tarixi ilə bağlı dərin hisslərim var.
Amma əslində hər bir səhnənin, hər bir zalın özünəməxsus xüsusiyyəti və mənəvi dəyəri var. Harada olursa-olsun, əgər musiqi orada öz yerini tapırsa, həmin yer mənim üçün qiymətlidir. Bu səbəbdən gələcəkdə çıxış edəcəyim ölkələrə və səhnələrə açığam. Əsas olan — musiqinin orada yaşaması və insanlara toxunmasıdır.
-Sizcə, bir pianoçunun uğurlu karyera qurmasında şəxsi intizam və gündəlik məşqlər nə qədər önəmlidir?
-Bəzən alətdən kənar aparılan məşqlər, düşüncələr və müşahidələr alət üzərində keçirilən saatlardan daha faydalı ola bilər. Əslində fortepiano sadəcə bir vasitədir - musiqiçinin zehnində və qulağında formalaşan ideyaları reallaşdırmaq və cilalamaq üçün bir alətdir.
Ona görə də, kiməsə “pianoçu” deyəndə bu, bir səviyyəni ifadə edir, amma “musiqiçi” deyəndə — bu artıq daha geniş bir anlayışdır. Həqiqi musiqiçi təkcə alətdə məşq etmir, o, daim musiqi haqqında düşünür, müşahidə edir, analiz edir. Özünü təkcə texniki cəhətdən deyil, həm də intellektual və emosional baxımdan inkişaf etdirir.
Şəxsi intizam və gündəlik məşqlər, şübhəsiz ki, vacibdir. Amma bu məşqlərin keyfiyyəti, onların mənəvi və yaradıcı dərinliyi daha önəmlidir. Əsl uğur — bu ikisinin, yəni daxili zənginliyin və zəhmətin harmoniyası nəticəsində yaranır.
-Musiqidən əlavə sizi ruhlandıran, ilham verən məşğuliyyətləriniz nələrdir?
-Mən çoxşaxəli insanam və buna görə də maraq dairəm olduqca genişdir. Bəzən bir sahədə istedadlı olmaq insanın həyatını bir qədər asanlaşdırır. Amma mənim halımda, görünür ki (və bu, mənim günahım deyil), bir neçə sahəyə təbii meylim və bacarığım var.
Ədəbiyyatı çox sevirəm. Uşaqlıqdan kitab oxuyuram və həmişə bunu karandaşla etmişəm — hər cümləni, hər fikri diqqətlə təhlil edərək. Evimizdə eyni kitabın iki nüsxəsi olardı: biri – “iş nüsxəsi”, tamamilə qeydlərlə dolu, digəri isə rəf üçün. Bəzən bu mənə gülməli də gəlir. Evə gələn qonaqlar rəfdəki təmiz, səliqəli kitabları görüb bəlkə də elə bilirlər ki, mən onları oxumamışam. Amma onlar mənim “işlənmiş” nüsxələri görmürlər.
Mənim üçün ömürlük yaxın olan müəlliflər arasında Marsel Prust, Aleksandr Puşkin və Tomas Mannı qeyd edə bilərəm. Amma əslində bu siyahı daha uzundur - hər şey həyatın hansı mərhələsində olduğundan asılıdır.
Məni ruhlandıran digər bir məşğuliyyət isə dillərin öyrənilməsidir. Mən sözə aşiqəm və inanıram ki, söz də musiqi kimi birbaşa insanın qəlbinə yol tapa bilir. Dilin qrammatikasını və quruluşunu öyrənmək, bəzən xalqın dünyagörüşünü anlamağa kömək edir. Dialektlər isə bütöv bir mədəniyyətin kodlarını açır. Ona görə də, adətən kitabları orijinal dilində oxuyuram, amma tərcümələri də müqayisə etməyi çox sevirəm — çünki tərcümə sənətini ayrıca bir incəsənət kimi qəbul edirəm.
-Ailəniz və yaxınlarınız musiqi karyeranızda sizə necə dəstək olublar?
-Məni hər zaman ailəm, yaxınlarım və dostlarım dəstəkləyib. Həmişə sevgi ilə əhatə olunmuşam. Elə bir gün olmayıb ki, bu sevgi və dəstək mənim yanımda olmasın. Buna görə də, həyatı bu hisslərsiz təsəvvür edə bilmirəm.
Anam hər zaman məni böyük sevgi ilə sevsə də, eyni zamanda son dərəcə tələbkar olub. Məhz bu ciddi yanaşması mənim bir çox insani və peşəkar keyfiyyətlərimin formalaşmasına səbəb olub və bu keyfiyyətlər bu gün mənim yol yoldaşım olaraq mənə xidmət edir.
Sankt-Peterburq və Bakıdakı bütün müəllimlərim mənə inanıb və məni dəstəkləyiblər. Xüsusi təşəkkürümü Bakı Musiqi Akademiyasının pedaqoqu Alla Əfəndiyevaya bildirmək istəyirəm. O, mənə çox şey öyrədib, mənə ruh verib və musiqidə həqiqi bir ilham mənbəyinə çevrilib. Alla xanım mənim üçün təkcə bir musiqiçi və peşəkar nümunəsi deyil, həm də bir insan nümunəsidir - yüksək mənəviyyata malik, alicənab bir şəxsiyyət. Həyatımda bəzi vacib qərarları verərkən, düşünmüşəm: “Bu vəziyyətdə Alla xanım nə edərdi?”
Hazırda isə Fransada, tanınmış piano pedaqoqu Rena Şereşevskayanın sinfində təhsil alıram. Onun mənə olan inamı ürəyimi kövrəldir. O, musiqiçini və insanı olduğu kimi, bütünlüyü ilə görə bilir. Mən bu gün də ondan çox şey öyrənməkdəyəm.
Ayrıca qeyd etmək istəyirəm ki, Parisdə təhsil almağım bir sıra gözəl insanların dəstəyi sayəsində mümkün olub. Onlardan biri Yegənə Axundova və Fərəh Əliyevadır. Onların mənə həm mənəvi, həm də maddi dəstəyi — xüsusilə Paris kimi dünyanın ən bahalı şəhərlərindən birində — mənim üçün olduqca dəyərlidir. Onların mənə olan inamı mənə çox şey ifadə edir.
Burada, Fransada isə bizim “anamız”, azərbaycanlıların “anası” adlandırılan Aytən Muradovanın adını çəkmək istərdim. Onun gənc istedadlara göstərdiyi dəstək və fəaliyyəti ayrıca bir kitab mövzusu ola bilər. Onun mənəvi gücü və xalqımıza olan sədaqəti heyranedicidir. Onun mənə olan inamı da mənim üçün çox önəmlidir.
-Son olaraq gənc musiqiçilərə nə kimi tövsiyələriniz var? Onlar öz yolunu necə daha uğurlu şəkildə qura bilərlər?
-Gənc musiqiçilərə tövsiyəm ilk növbədə öz daxili səslərinə, musiqiyə olan gerçək sevgilərinə sadiq qalmalarıdır. Uğur təkcə səhnəyə çıxmaq və alqış toplamaqdan ibarət deyil. Uğur - bu, özünü tanımaq, musiqiyə dürüst yanaşmaq, zəhmətdən qorxmamaq və daim inkişaf etməyə hazır olmaqdır.
Unutmasınlar ki, fortepiano sadəcə bir alətdir, musiqi isə ruhun səsidir. İfaçılıq texnikası önəmlidir, amma musiqini yaşatmaq, ona nəfəs vermək — bu artıq dərin düşüncə, duyğular və həyat təcrübəsi tələb edir. Özlərini təkcə musiqiçi kimi deyil, həm də insan kimi yetişdirməlidirlər: kitab oxumalı, dillər öyrənməli, dünyanı müşahidə etməli, insanları dinləməyi bacarmalıdırlar. Çünki musiqi həyatın özüdür.
Hər kəsin yolu fərqlidir. Bəzən bu yol hamar olur, bəzən dolanbaclı. Amma kim həqiqətən musiqiyə bağlıdırsa, o, bu yolda öz yerini tapacaq. Qoy qorxmasınlar, tələsməsinlər. Zaman hər şeyi yerinə qoyur. Ən vacibi özlərini itirməmək və musiqiyə qarşı içlərindəki o ilk, saf sevgini qoruyub saxlamaqdır. Musiqi bir ömürlük yoldaşdır. Onunla dürüst və səmimi dostluq qurmağı bacaran musiqiçi heç zaman tək qalmaz.
Fidan Fərmanlı,
BSU-nun tələbəsi