09 aprel 2025 18:01
230

AHİİTA və Alpaqut Federasiyası arasında əməkdaşlıq görüşü keçirilib

Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİTA) inzibati binasında Dünya Alpaqut Federasiyası və Azərbaycan Alpaqut Federasiyası ilə əməkdaşlıq məqsədli rəsmi görüş baş tutub.

“İki sahil” xəbər verir ki, görüşdə Dünya Alpaqut Federasiyasının prezidenti Jalə Əhmədova, Azərbaycan Alpaqut Federasiyasının Prezidenti Fuad Quliyev və AHİTA İctimai Birliyinin direktoru Tural Qasımovun rəhbərlik etdiyi təmsilçilər iştirak edib.

Tərəflər arasında keçirilən müzakirələrdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, həmkarlar arasında Alpaqut döyüş sənətinin təbliği və gənclərin bu idman növünə cəlb olunması istiqamətində fikir mübadiləsi aparılıb.

Çıxış edən Jalə Əhmədova bildirib ki, Alpaqut — milli kimliyimizi əks etdirən döyüş sənətidir: "Bu əməkdaşlıq sayəsində həmkarlar ittifaqları strukturunda Alpaqutun inkişafına və yayılmasına mühüm töhfə veriləcəyinə inanırıq.”

Tural Qasımov isə çıxışında vurğulayıb ki, AHİTA olaraq biz hər zaman milli  idman növlərinin inkişafına dəstək göstərməyə hazırıq. Alpaqutla bağlı ortaq layihələrin reallaşması bu istiqamətdə önəmli addım olacaq.

Azərbaycan Alpaqut Federasiyasının Prezidenti Fuad Quliyev də öz növbəsində qeyd edib ki, Azərbaycan Alpaqut Federasiyası olaraq biz ölkə gəncləri arasında bu döyüş sənətinin daha geniş təbliğinə və yayılmasına xüsusi önəm veririk. AHİTA ilə əməkdaşlıq bu baxımdan olduqca əhəmiyyətlidir.

Bu görüş gələcəkdə ortaq təşəbbüslərlə həm yerli, həm də beynəlxalq səviyyədə idman layihələrinin reallaşdırılması üçün mühüm addım kimi dəyərləndirilir.