Prezident İlham Əliyevin ADA-nın sözügedən forumundakı çıxışı yenə də gündəm yaratdı. Bu, təəccüblü deyil, çünki biz hamımız bilirik ki, Prezident İlham Əliyevin hətta bir cümləlik fikri belə yetərincə gündəm olur və ətrafında geniş müzakirələr aparılır. Prezidentin ADA-da keçirilən forumdakı çıxışını canlı izlədim və hər bir fikrinə diqqət kəsildim. Düşündüm ki, Azərbaycan Prezidenti bu dəfə də istər daxili, istərsə xarici auditoriya, istərsə də TDT ölkələri üçün, həmçinin də ki, bizim hamımızı narahat edən Türkiyə-İsrail münasibətləri üçün yetərincə açıq fikirlər səsləndirdi və Azərbaycanın bütün bu məsələlərdə baş rolda olduğunun növbəti dəfə göstərdi. Diqqətimizi çəkən o oldu ki, ilk dəfə Azərbaycan dövlətinin başçısı rəsmi şəkildə İsraillə Türkiyə münasibətlərinin normallaşdırılması üçün aparılan danışıqları dilə gətirdi. Azərbaycan dost İsraillə qardaş Türkiyə arasında münasibətlərin normallaşdırılmasına öz töhfəsini verməkdədir. Bunun nəticələri də olub. Əvvəlki illərdə, indi də proses davam edir. Dünən Prezident İlham Əliyev öz çıxışında bunu açıq şəkildə qeyd etdi və onu da vurğuladı ki, ilk dəfədir bunu dilə gətiririk.
Bu fikirləri “İki sahil”ə açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirdi.
Azər Həsrət vurğuladı ki, eyni zamanda, qardaş ölkələrdən Kuzey Kıbrıs Türk Cümhuriyyəti ilə bağlı səsləndirilən fikirlər çox yerinə düşdü. Bilirsiniz ki, son dövrlərdə Türküstandakı 3 türk dövləti - Özbəkistan, Qazaxıstan və Türkmənistan Kıbrısda səfirlik açıb, diplomatik əlaqələr qurub. Bu da müəyyən suallara səbəb olur və təbiidir ki, Azərbaycan cəmiyyətini, eyni zamanda, həm Türkiyə, həm də Kuzey Kıbrıs Türk Cümhuriyyəti cəmiyyətini narahat edir. Gözlər Azərbaycanda idi ki, ölkəmizin münasibəti necə olacaq? Düşünürəm ki, Prezident İlham Əliyev Kuzey Kıbrıs Türk Cümhuriyyəti cumhurbaşqanının müşavirinin sualına cavab verərkən bu məsələyə tam aydınlıq gətirdi, Azərbaycanın Kuzey Kıbrısla bağlı mövqeyinin birmənalı olduğunu növbəti dəfə vurğulamış oldu. Azərbaycan Türk Dövlətləri Təşkilatını güclü və nəticəyə yönələn təşkilat kimi görmək istəyir.
Ekspert qeyd etdi ki, ümumilikdə Azərbaycanın bölgədə yeri, rolu, Rusiya ilə münasibətlər, İranla münasibətlər, özəlliklə də Ermənistanın təcavüzkar ritorikadan hələ də imtina etməməsinə diqqət çəkilməsi, eyni zamanda ABŞ Prezidenti Donald Trampla münasibətlər, ondan gözləntilər, bütün bunlar Prezident İlham Əliyevin çıxışında diqqətlə dilə gətirildi. Düşünürəm ki, orada iştirak edən 80-ə qədər xarici ekspert də bundan çox məmnun qaldı. Azərbaycanın mövqeyinin dünyaya çatdırılması baxımından Prezidentin çıxışını xüsusi vurğulamaq lazımdır. Həm çıxış, həm də suallara verilən cavabları nəzərdə tuturam. Yəni belə görüşlər, belə müzakirələr, belə sual-cavablar Azərbaycanın yaxşı mənada tanıdılması baxımından həmişə effektli olur.
Səbinə Kazımova, "İki sahil"