10 aprel 2025 22:56
220

Minlərlə gəncin həyatını dəyişən məktəb

Sədr: “ASAN Kadr” çərçivəsində 4000-ə yaxın ASAN könüllüsü işlə təmin olunub

“İki sahil”in müsahibi “ASAN Könüllüləri” Təşkilatının sədri Anar Musaevdir.

- Anar müəllim, müsahibəmizin əvvəlində ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin əhəmiyyətindən bəhs etməyinizi istərdik.

- Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti bu gün bir çox ölkələr üçün nümunəvi model hesab olunur. Bu siyasətin təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və bu gün ölkəmizdə gənclərin hərtərəfli inkişafı, cəmiyyətə inteqrasiyası və dövlət quruculuğunda fəal iştirakı üçün mühüm imkanlar yaradılıb. Ulu Öndərin təşəbbüsü ilə gənclərin forumlarının keçirilməsi, onların qarşılaşdığı çağırışlara dair Fərman və sərəncamların verilməsi, müvafiq qanunların qəbulu və ümumilikdə gənclərin ölkənin ictimai-siyasi həyatında fəal iştirakı üçün atılan addımlar bu gün də davam etdirilir və yeni mərhələyə qədəm qoyur. Bu gün ölkəmizdə gənclərin asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin təşviqi və intellektual potensialının üzə çıxarılması istiqamətində ardıcıl addımlar atılır. İdman, təhsil, innovasiya, könüllülük və digər sahələrdə həyata keçirilən layihələr gəncliyin inkişafında mühüm rol oynayır.

- “ASAN Könüllüləri” Təşkilatının yaradılmasında əsas məqsəd nədir, gələcək üçün hansı hədəfləriniz var?

- “ASAN Könüllüləri” Təşkilatı 2013-cü ildə 15 nəfər ASAN könüllüsünün təşəbbüsü ilə yaranıb və bu gün artıq 40 mindən çox üzvü olan böyük bir ailəyə çevrilib. Bu illər ərzində təşkilatımız həm yerli, həm də beynəlxalq səviyyədə bir çox layihəyə imza atıb, gənclərin inkişafı üçün saysız tədbirlər, layihələr və təlimlər təşkil edib. Bütün bu fəaliyyətlərin əsas məqsədi gənclərin potensialını üzə çıxarmaq, onların ideyalarının reallaşmasına dəstək olmaq və cəmiyyətdə fəal, məsuliyyətli vətəndaş kimi formalaşmalarına şərait yaratmaqdır. Biz inanırıq ki, inkişaf etmiş cəmiyyətin təməlində maariflənmiş, təşəbbüskar və dövlətinə bağlı gənclər dayanır. Təşkilatımızın əsas missiyası könüllülərin inkişafına dəstək olmaqla, dövlətimizin dayanıqlı inkişafına töhfə verən, cəmiyyətə fayda gətirən gənclər yetişdirməkdir. Bu çərçivədə həm yaradıcı potensialın gücləndirilməsi, həm də gənclərin ideyalarının gerçəyə çevrilməsi üçün real imkanlar təqdim edirik. “ASAN Akademiya”, “AVO MUN”, “Könüllülər Yurdu – Azərbaycan”, “Könüllülər Parlamenti” kimi layihələr isə bu istiqamətdə həyata keçirilmiş uğurlu nümunələrdəndir. Gələcək planlarımız da olduqca genişdir. Daha çox gənci bu ailəyə cəlb etmək və sosial təşəbbüslərdə onların iştirakını təmin etmək əsas hədəflərimizdəndir. Eyni zamanda, beynəlxalq əməkdaşlıqların sayını artırmaq, Azərbaycan gəncliyini beynəlxalq platformalarda təmsil etmək, xarici təcrübələri ölkəmizə gətirməklə könüllülərimizə yeni perspektivlər qazandırmaq da diqqət mərkəzimizdədir.

- Təşkilatın əsas fəaliyyət istiqamətləri hansılardır?

- “ASAN Könüllüləri” Təşkilatının fəaliyyəti çoxşaxəlidir. Ötən illər ərzində bu fəaliyyətlər mənəvi dəyərlərin təşviqi, mədəni irsin qorunması, eyni zamanda, gənclərin şəxsi və peşəkar inkişafına yönəlmiş müxtəlif istiqamətləri əhatə edib. Sözügedən layihələr arasında vətənpərvərlik, ekoloji, sosial və mədəni sahələrdə keçirilən tədbirlər, həmçinin beynəlxalq əlaqələrin gücləndirilməsi və gənclərin dünya görüşünün artırılması üçün təşkil olunan proqramlar üstünlük təşkil edir.

Xüsusilə “Mədəniyyət Carçısı” proqramı, “ASAN Məktub” sosial proqramı və “ASAN Kadr” platforması haqqında məlumat vermək istərdim.

“Mədəniyyət Carçısı” proqramı 2017-ci ildən etibarən gənclərin mədəniyyət sahəsində maarifləndirilməsi, gənclər arasında milli-mədəni dəyərlərimizin təbliğ edilməsi məqsədilə fəaliyyət göstərir və bugünədək proqram çərçivəsində 100-dən çox tamaşa, 550-dən çox ustad dərsi, sərgilər, bədii gecələr və konsert proqramları təşkil olunub.

“ASAN Məktub” sosial proqramı çərçivəsində sosial həssas qrupa aid 3-14 yaş arası uşaqların arzularını əks etdirən məktublar www.asanmektub.az saytına yerləşdirilir və dünyanın, eləcə də ölkənin müxtəlif yerlərindən insanlar həmin arzuları sayt vasitəsilə gerçəkləşdirirlər. Məlumat üçün bildirmək istərdim ki, proqramın 10 illik fəaliyyəti ərzində 10700-dən çox uşağın istəklərinə uyğun hədiyyələr təqdim edilib.

Bizim üçün prioritet istiqamətlərdən biri də ASAN könüllülərinin məşğulluğuna dəstək olmaqdır. ASAN könüllülərin peşakar kadr kimi yetişməsinə və məşğulluğuna dəstək olmaq məqsədi ilə “ASAN Kadr” karyera mərkəzi fəaliyyət göstərir. Bugünədək “ASAN Kadr” çərçivəsində 4000-ə yaxın ASAN könüllüsü işlə təmin olunub, onlardan 1000-dən çox “ASAN xidmət” mərkəzlərində, digərləri isə əməkdaşlıq etdiyimiz dövlət qurulmarında və özəl şirkətlərdə öz fəaliyyətlərini davam etdirirlər.

- Təşkilatda neçə könüllü fəaliyyət göstərir. Onlar barədə məlumat verməyinizi rica edərdik. Əsasən hansı yaşdadırlar, təhsil səviyyələri necədir?

-Hazırda ölkə üzrə fəaliyyət göstərən "ASAN xidmət" mərkəzlərində ümumilikdə 700-dən gənc könüllü olaraq çalışır. Bu günə qədər isə 40 mindən çox gənc "ASAN xidmət" mərkəzlərində könüllü olub və peşəkar iş həyatları üçün ilkin təcrübə əldə ediblər. Könüllülük fəaliyyətinə təhsil səviyyəsindən asılı olmayaraq hər bir 15-26 yaş arası gənclər müraciət edə bilər. Fürsətdən istifadə edərək qeyd etmək istəyirəm ki, “ASAN xidmət” mərkəzlərində könüllü olmaq istəyən gənclər göstərilən keçiddən https://portal.asanvolunteers.az/login qeydiyyatdan keçə bilərlər. Xidmət dövründə könüllülər vətəndaşların qarşılanması, məlumatlandırılması, anketlərin doldurulması, elektron lövhələrdə işləmə, sıra növbələrinin verilməsi kimi işlərlə məşğul olurlar. Könüllülər müqavilə əsasında 2 ay müddətində 3 növbəlilik sistemə əsasən fəaliyyət göstərirlər və bu növbəlilik prinsipləri könüllülərin həm “ASAN xidmət” mərkəzlərində xidmət göstərməsinə, həm də digər işlərinə vaxt ayırmasına köməklik göstərir. Müqavilədə nəzərdə tutulmuş öhdəlikləri 2 aylıq müddət ərzində həyata keçirən könüllülərə Dövlət Agentliyinin rəsmi sertifikatı verilir.

- “ASAN Könüllüləri” Təşkilatının fəaliyyətini necə qiymətləndirirsiniz?

- Çox yüksək qiymətləndirirəm. “ASAN Könüllüləri” Təşkilatı illər ərzində sadəcə layihələr həyata keçirən bir qurum yox, minlərlə gəncin həyatına toxunan, onların dünyagörüşünü, özünəinamını və cəmiyyətə baxışını dəyişən bir məktəbə çevrilib. Burada hər bir könüllü özünü kəşf etmək, inkişaf etdirmək, faydalı olmaq və fərq yaratmaq fürsəti qazanır.

Düşünürəm ki, fəaliyyətimizi yalnız tədbirlərlə ölçmək doğru olmaz. Bizim əsas qazancımız formalaşdırdığımız vətənpərvərlik, könüllülük ruhu, sosial məsuliyyət və insanlara xidmət etmə mədəniyyəti kimi dəyərlərdir.

Bu gün artıq  ASAN könüllüləri ölkənin gənclər siyasətində mühüm yer tutur, beynəlxalq platformalarda Azərbaycan gəncliyini uğurla təmsil edir və gələcək liderlərin formalaşmasında əvəzsiz rol oynayır. Bütün bu nailiyyətlər isə bir komanda ruhunun, gənclərin enerjisinin və inamının nəticəsidir.

- ASAN könüllülərinin gələcəkdə hansı layihələrə cəlb olunması nəzərdə tutulur? Könüllülərlə bağlı hansı yeniliklər gözlənilir?

- ASAN könüllülərinin gələcəkdə daha genişmiqyaslı, innovativ və təsir gücü yüksək layihələrə cəlb olunması nəzərdə tutulur. Xüsusilə iqlim dəyişiklikləri, dayanıqlı inkişaf, rəqəmsallaşma və sosial təşəbbüslər sahəsində könüllülərin fəal iştirakı üçün yeni imkanların yaradılması üçün çalışırıq. Bununla yanaşı, könüllülər üçün fərdi inkişaf proqramları, peşəkar təlimlər, mentorluq platformaları ilə bağlı təşəbbüslər üzərində də işləyirik.

Digər tərəfdən beynəlxalq əməkdaşlıqların genişləndirilməsi, könüllülərin xarici proqramlara çıxışı,  başqa ölkələrin gəncləri ilə təcrübə mübadiləsi də gündəmimizdədir. Əsas məqsədimiz hər bir ASAN könüllüsünün potensialını maksimum dərəcədə üzə çıxarmaq və onların cəmiyyət üçün dəyər yaradan, təşəbbüskar və məsuliyyətli gənclərə çevrilməsinə dəstək olmaqdır.

- Sizinlə müsahibəni Azərbaycan gəncliyinə çağırışınızla yekunlaşdırmaq istərdik.

- Öz təcrübələrimə əsaslanaraq deyə bilərəm ki, gələcəyinizi, karyeranızı yüksək səviyyədə qurmaq istəyirsinizsə hər zaman mübarizə aparmalısınız, vətənpərvər, bilikli və çox çalışqan olmalısınız. Milli-mənəvi dəyərlərə bağlı olmalısınız. Bu gün bölgəmizdə yeni reallıqlar var və bizim Azərbaycan gəncləri olaraq ən önəmli vəzifələrimizdən biri də bu reallıqları düzgün şəkildə beynəlxalq arenalarda təbliğ etmək və gələcək nəsillərə ötürməkdir. Müstəqilliyimizi qorumaq, möhkəmləndirmək və ölkəmizi daim inkişaf etdirməkdir. Düşünürəm ki, Azərbaycan gənci öz hədəflərini məhz bu dəyərlər və prinsiplər ətrafında müəyyənləşdirsə uğur daim onunla olacaq.

Yaqut Ağaşahqızı,
Vüsal Cahanov (foto) “İki sahil”