ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Kit Kelloq "The Times" qəzetini Ukraynanın bölünməsi ilə bağlı sözlərini təhrif etməkdə günahlandırıb.
O, bu barədə "X" sosial şəbəkəsində yazıb. Nəşr öz məqalələrindən birində bildirmişdi ki, Kelloq Ukrayna münaqişəsinin həlli çərçivəsində ölkənin Avropa və Rusiya arasında nəzarət zonaları şəklində bölünməsi ehtimalını qəbul edib.
Qəzetin məlumatına görə, o, nümunə olaraq İkinci Dünya müharibəsindən sonra Berlinin bölünməsini göstərib.
"Bu, İkinci Dünya müharibəsindən sonra Berlində olduğu kimi görünə bilərdi, orada Rusiya, Fransa, Britaniya və Amerika zonası var idi", - deyə Kelloq nəşrə müsahibəsində deyib.
Kelloq planına görə, Britaniya və Fransa qoşunları "təminat qüvvələri"nin bir hissəsi kimi Ukraynanın qərbində nəzarət zonalarını tutacaq, Rusiya ordusu şərqdəki işğal olunmuş ərazilərdə olacaq, onların arasında isə Ukrayna qoşunları və şərqdəki nəzarət xətləri boyunca 30 km uzunluğunda demilitarizasiya olunmuş zona yerləşəcək.
Kelloqun sözlərinə görə, Dnepr çayının qərbindəki Britaniya və Fransa qüvvələri Moskva üçün heç bir təxribat xarakteri daşımayacaq. Onun fikrincə, Ukrayna atəşkəs rejiminin təmin edilməsini istəyən bir neçə ordunu yerləşdirmək üçün kifayət qədər böyük bir ölkədir.
"Plan ABŞ-nin Rusiyanın hazırda tutduğu ərazilər üzərində faktiki nəzarətini tanımasını nəzərdə tutur", - Kelloq qeyd edib.
O, əlavə edib ki, Vladimir Putin nəzarət zonaları haqqında təklifi qəbul etməyə bilər. "The Times" materialı dərc edildikdən sonra Kit Kelloq "X" sosial şəbəkəsində nəşrin məqaləsində "onun dediklərinin təhrif olunduğunu bildirib.
"Times" nəşrinin məqaləsi dediklərimi təhrif edir. Mən atəşkəsdən sonra Ukraynanın suverenliyini dəstəkləyəcək davamlılığı təmin edən qüvvələr haqqında danışırdım. Bölünmə müzakirələrində mən müttəfiq qüvvələrin (ABŞ qoşunları olmadan) məsuliyyət sahələrini və ya zonalarını nəzərdə tutmuşdum. Mən Ukraynanın bölünməsini nəzərdə tutmamışdım", - deyə o yazıb.
Oxu.Az