19 aprel 2025 00:11
181

SOCAR-ın prezidenti Rövşən Nəcəf “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

SOCAR-ın prezidenti Rövşən Nəcəf Mentorluq Proqramı çərçivəsində “Yüksəliş” müsabiqəsinin qalibləri Təbriz Əmmayev və Qaraxan Şirinli ilə görüş keçirib.

“İki sahil” xəbər verir ki, görüş çərçivəsində qabaqcıl idarəetmə təcrübələri, liderlik bacarıqlarının inkişafı və innovativ yanaşmalar müzakirə olunub. Həmçinin qaliblərin birillik fərdi inkişaf planı, karyera hədəfləri və peşəkar istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar.

Dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalayıb.