Azərbaycanın Belçikadakı səfirliyində “Foreign Student Life in Belgium: Tracing the History” adlı tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, tədbir 19-cu əsrdə Brüsseldəki Azad Universitetdə (Université libre de Bruxelles – ULB) təhsil alan ilk azərbaycanlı tələbə Rəşid Axundovun xatirəsinə həsr olunub.
Tədbiri Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqov açaraq Rəşid Axundovun atası, məşhur dramaturq və maarifçi Mirzə Fətəli Axundzadənin ədəbiyyatımızdakı rolundan bəhs edib. O həmçinin Azərbaycan və Belçika arasında diplomatik əlaqələrin tarixindən, təhsil və humanitar sahələrin inkişafından və Belçikada təhsil alan azərbaycanlı tələblər haqqında məlumat verib.
Daha sonra tədbirin təşəbbüskarı kommunikasiya və ictimai əlaqələr üzrə məsləhətçi, Rəşid Axundovdan sonra Belçikada təhsil alan ikinci azərbaycanlı tələbə olan Aynur Bəşirova çıxış edib. O, Rəşid Axundovun həyatını atasına yazdığı məktublar əsasında iştirakçılara təqdim edib. Aynur Bəşirova Axundovun Brüssel həyatını bu sözlərlə təsvir etdiyini qeyd edib: “Brüssel olduqca gözəl şəhərdir... Buranın camaatı çox səmimi və incədir... Belə sakit və azad bir ölkə mən görməmişəm”.
Tədbirin əsas məqsədi onun xatirəsini yad etməklə yanaşı, keçmişlə bu günü birləşdirərək, bu gün Belçikada təhsil alan tələbələrin də söz haqqı ilə xarici tələbə həyatını müzakirəyə açmaq idi.
Brüsseldəki Azad Universitetin professoru Lebriz Sönməz ULB-nin tarixi və xarici tələbələrlə bağlı açıq və tolerant ənənələri barədə çıxış edib.
Tədbirin ikinci hissəsində müxtəlif ölkələrdən olan tələbələrin iştirak etdiyi panel müzakirəsi reallaşıb. Moderator Eldar Bayramzadə (Azərbaycan) olmaqla paneldə Fioana Mişeva (Albaniya), Cessi Pilz (Belçika/Lüksemburq), Allison Fotso Kom (Kamerun/İsrail) və Aysu Əhməd (Azərbaycan) çıxış edərək fikirlərini bölüşüblər.