Aprelin 14-də Azərbaycan Baş Prokurorluğu və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Qarabağ Universitetinin tərəfdaşlığı ilə Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində “Heydər Əliyev və Suveren Azərbaycan” mövzusunda konfrans keçirilir.
“İki sahil” xəbər verir ki, konfrans zamanı baş prokuror Kamran Əliyev çıxış edib.
Baş prokuror Qarabağ Universitetinin tələbələrinə dövlətçiliyin əsasları, hüquq sisteminin rolu və gənclərin bu prosesdə iştirakı barədə tövsiyələr verib. O bildirib ki, müasir hüquq sistemində gənclərin rolu artmaqdadır və onların bilikli, vətənpərvər kadrlar kimi yetişməsi prioritet məsələdir.
Kamran Əliyev qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev gənclərin cəmiyyətin aparıcı qüvvəsi olduğunu hər zaman xüsusi olaraq qeyd edib, onların hərtərəfli inkişafı üçün mühüm dövlət proqramlarının həyata keçirilməsinə rəhbərlik edib. Ulu Öndərin bu strateji xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Baş prokuror çıxışında vurğulayıb ki, ölkəmizin gələcək hüquq sisteminin möhkəm təməllər üzərində qurulması, ilk növbədə, gənc hüquqşünasların vicdanlı, ədalətli və yüksək peşə hazırlığına malik kadrlar kimi yetişdirilməsindən asılıdır. O, tələbələri hüquqi biliklərini daim artırmağa, qanunun aliliyini rəhbər tutmağa, insan hüquq və azadlıqlarının müdafiəsinə sadiq qalmağa səsləyib.