16 aprel 2025 17:11
252

Çin Qafqaz siyasətində Azərbaycana xüsusi önəm verir - AÇIQLAMA

Çin Xalq Respublikası BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biridir və dünyada iqtisadiyyatın həcminə görə ikinci dövlət hesab olunur. Azərbaycan müstəqilliyi bərpa etdikdən sonra 1992-ci ilin aprelindən başlayaraq iki ölkə arasında diplomatik münasibətlər qurulmağa başladı və bu illər ərzində bu münasibətlər artan dinamika üzrə inkişaf edib. Bu münasibətlərin ən kulminasiya nöqtəsi hesab edirəm ki, ötən ilin iyulunda Azərbaycan və Çin arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamədir. Bu, iki ölkə arasındakı münasibətlərin yeni mərhələyə daxil olması deməkdir və eyni zamanda, Çinin Qafqaz siyasətində Azərbaycana xüsusi önəm verməsindən xəbər verən amildir.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirdi. 

Arzuxan Əlizadə qeyd etdi ki, 2025-ci ildə Çin Xalq Respublikası tərəfindən Azərbaycan üzərindən tranzit daşımalarının stimullaşdırılacağı gözlənilir. Bununla bağlı Çin rəsmiləri dəfələrlə öz mövqelərini bildiriblər. "Bir kəmər bir yol" layihəsi gündəmdədir, eləcə də iki ölkənin əslində iqtisadi potensialı ona imkan verir ki, gələcəkdə bu münasibətlər daha üst səviyyəyə yüksəlsin. Çin şirkətləri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımaların həyata keçirilməsində hazırda fəal iştirak edirlər və bu istiqamətdə iki dövlət tərəfindən ciddi addımlar atılmaqdadır. Xəzər dənizində gəmi istehsalının stimullaşdırılması və malların Azərbaycan üzərindən keçməklə daşınması Çin şirkətləri üçün prioritet təşkil etməkdədir.

Təbii ki, iqtisadi münasibətlər istənilən halda digər münasibətlərə -  həm siyasi münasibətlərə, həm iki dövlət arasındakı digər sahələrdəki münasibətlərə, eləcə də iki xalq arasında münasibətlərin inkişaf etməsinə rəvac verən müsbət amillərdir. Azərbaycan iqtisadi cəhətdən regionun aparıcı dövlətidir və ölkəmizin iştirak etməyəcəyi hansısa layihə bu regionda reallaşa bilməz. Bu səbəbdən də Çin Xalq Respublikası, eləcə də bu ölkənin şirkətləri Azərbaycan üzərindən tranzit daşımalarına, iqtisadi sahədə münasibətləri daha da inkişaf etdirməyə maraq göstərirlər. Bu mənada Çin-Azərbaycan münasibətlərinin gələcəkdə daha da surətdə inkişaf edəcəyi gözlənilir.

Səbinə Kazımova, "İki sahil"