16 aprel 2025 17:23
162

Rəis müavini: Bakıda son dəfə 1966-cı ildə bu həddə yağıntı qeydə alınıb

Hazırda yağıntılar davam etdiyini nəzərə alsaq, yağıntıların miqdarının artacağı gözləniləndir.

“İki sahil” xəbər verir ki, bunu Milli Hidrometrologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova mövcud vəziyyətlə əlaqədar jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Bakıda son dəfə 1966-cı ildə bu həddə yağıntı qeydə alınıb: "Artıq dünən gecədən başlayaraq ölkə ərazisində qeydə alınan yağıntılı hava şəraiti 15 saatdır davam edir və illik normanın 22 faizini təşkil edir Bakıda hazırda yağıntının miqdarı 57 mm-dir bu da aylıq normadan 2 dəfə çoxdur. Bununla yanaşı Böyük və Kiçik Qafqazda da düşən yağıntı aylıq normadan iki-üç dəfə çoxdur".

O, dünyanın digər ölkələrində də analoji hava şəraitinin tez-tez müşahidə edildiyini vurğulayıb: "İqlim dəyişimlərini nəzərə alsaq bu cür gözlənilməz yağıntı hallarının olması normaldır. Tək Azərbaycanda deyil, digər ölkələrdə də bu cür hadisələr tez-tez müşahidə olunur. Buna nümunə olaraq Rusiyanın cənubunu, Türkiyə və İspaniya kimi ölkələri də misal çəkə bilərik".