16 aprel 2025 20:47
227

Şabranda çay daşdı, 30 evin sakini təxliyyə edildi

Şabranda Dəvəçi çaya gələn sel suları ciddi fəsadlara səbəb olub. Güclü sel Şabran şəhərində həyətlərə, zirzəmilərə və kommersiya obyektlərinə dolub. Suyun səviyyəsi və həcmi artdığından, çay sahilindəki 30-a yaxın evin sakinləri təhlükəsiz əraziyə təxliyə edilib. 

Sel Xəlifələr kəndindəki körpünü də aparıb. Əraziyə Fövqəladə Hallar Komissiyası və digər aidiyyəti qurumlar cəlb olunub. 

Şabran və Siyəzəndə 9060 abonentin qazla təminatında fasilə yaranıb. Selin qaz borularını sıradan çıxarması səbəbindən Siyəzən rayonunda 1800, Şabran rayonunda isə 7260 abonentin mavi yanacaqla təminatı dayanıb. Havanın temperaturunun dəyişməsi səbəbindən istilik təchizatının olmaması sakinləri narahat edir.

Xaçmaz Regional Qaz İstismarı İdarəsinin rəisi Azər Abasovun verdiyi məlumata görə, "Hal-hazırda, ərazilərə briqadalar cəlb olunub, mavi yanacaqla təminatın bərpası üçün işlər aparılır."

Qeyd edək ki, şimal bölgəsində havanın yağıntılı keçməsi səbəbindən bir çox fəsadlar yaranıb. 

Aydın Adıgözəlov,
Quba, "İki sahil" üçün