17 aprel 2025 18:12
146

Minsk konfransının bütün strukturları buraxılmalıdır - Rusiya XİN

ATƏT-in Minsk qrupu aktuallığını itirib və buraxılmalıdır.

“İki sahil” xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanın tələblərinə uyğun olaraq ATƏT-in Minsk qrupunu buraxmağa çağıran Ermənistanın baş nazirinin bəyanatına Moskvanın necə münasibət bəsləməsi ilə bağlı sualı cavablandırarkən belə deyib.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, ATƏT-in Minsk konfransının Dağlıq Qarabağın nizamlanması üzrə həmsədrinin ATƏT tərəfindən təsdiq edilmiş mandatı aktuallığını itirib.

“Müvafiq olaraq, nəticədə Minsk konfransının bütün strukturları – Minsk qrupu, Yüksəksəviyyəli planlaşdırma qrupu və ATƏT-in indiki sədrinin Dağlıq Qarabağ nizamlanması üzrə şəxsi nümayəndəsi vəzifəsi – bütün bunlar buraxılmalıdır”, - deyə o qeyd edib.

“Biz öz tərəfimizdən bundan sonra da sülh müqaviləsinin imzalanması yolunda qalan maneələrin aradan qaldırılmasında, nəqliyyat və iqtisadi kommunikasiyaların açılmasında, Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası və humanitar məsələlərin həllində tərəfdaşlarımıza köməyi davam etdirmək niyyətindəyik”, - deyə M.Zaxarova vurğulayıb.

O əlavə edib ki, Moskva üçtərəfli məsələlərin bütün spektri, o cümlədən sülh müqaviləsinin bağlanması üzrə Azərbaycan və Ermənistan nümayəndələri arasında danışıqlar üçün Rusiya platforması təqdim etməyə hazır olduğunu təsdiqləyir.