18 aprel 2025 01:58
159

Türk Dövlətləri Təşkilatı güc mərkəzinə çevrilir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Azərbaycanda, Ankarada, Düşənbədə, Astanada keçirilən forumlarının, qeyri-rəsmi Zirvə görüşlərinin hər biri türk birliyinin, İslam həmrəyliyinin yol xəritəsidir. Ötən ilin iyul ayında Şuşada keçirilən TDT-nın dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə «Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir. Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır» sözləri ilə bu gücün yenilməzliyini diqqətə çatdıran Prezident İlham Əliyev bildirir ki, bu reallığın təsdiqi həmin həmin görüşdə Qarabağ Bəyannaməsinin imzalanması oldu. TDT –yə üzv dövlətlər arasında imzalanan həmin Bəyannamədə qeyd edilirdi ki, beynəlxalq aləmdə, türk dünyasında sülh, təhlükəsizlik, sabitlik, inkişaf və tərəqqi ideyalarına sadiq olan türk xalqlarını ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlər birləşdirir. Türk xalqlarının qitə miqyasında özünü doğruldan töhfələri, qlobal siyasətdə, iqtisadiyyatda, sivilizasiyaların inkişafında oynadığı rol beynəlxalq səviyyədə yüksək dəyərləndirilib. Təşkilatın potensialı nəzərə alınmaqla daha iddialı məqsədlər qarşıya qoyulub, strateji əhəmiyyətli regional layihələrin həyata keçirilməsi üçün müvafiq mexanizm və qaydaların tətbiqinin zəruriliyi qeyd edilib. Qlobal nəqliyyat infrastrukturunun , əlverişli dəhlizlərin yaradılması yolu ilə türk dövlətləri arasında bağlılığın daha da inkişaf etdirilməsinin vacibliyi daim diqqətdə saxlanılıb. Beynəlxalq əhəmiyyətli limanlara, dəmir və avtomobil yollarına, logistika qovşaqlarına investisiyaların cəlbi ilə dayanıqlı iqtisadi inkişafa nail olunması təşkilatın başlıca məqsədlərindəndir . Qitələr arasında əlverişli nəqliyyat vasitəsi olan Orta Dəhliz vasitəsilə regional əlaqəni və inteqrasiyanı gücləndirmək, nəqliyyat əməliyyatlarını, gömrük prosedurlarını optimallaşdırmaq və rəqəmsallaşmanı əhatə etmək üçün üzv dövlətlər arasında sıx əməkdaşlığa qlobal məsələ kimi diqqət yetirilir. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilməsini, bu yolboyu mal və nəqliyyat vasitələrinə gömrük nəzarətinin sürətləndirilməsi ilə bağlı Azərbaycanın, Gürcüstanın və Türkiyənin üçtərəfli səyləri nəticəsində TDT güclü təşkilat kimi regionda beynəlxalq ticarətin, investisiya və tranzit potensialının artırılmasına da töhfələr verir. TDT-nin İqlim və Yaşıl Rəqəmsal Platformasının vəbu təşkilatın İqlimə Davamlı Kəndlər Forumunun yaradılması üzrə müzakirələrin aparılması təşəbbüsü üzv dövlətlər tərəfindən dəstəklənir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycanın ev sahibliyi türk dünyasının uğuru kimi dəyərləndirilib. Şuşada və Bakıda I Beynəlxalq TÜRKSOY Teatr Festivalının keçirilməsi türk xalqlarının mədəni əlaqələrinin nümunəsi kimi yaddaşlarda iz saldı. Ümummilli Lider Heydər Əliyevin 100 illik, Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 150, TÜRKSOY-un 30 illik yubileylərinə və Şuşa şəhərinin 2023-cü il üçün «Türk dünyasının mədəniyyət paytaxtı»” elan edilməsinə həsr edilmiş festival qardaşlıq, musiqi, söz, sənət bayramı kimi yaddaşlarda iz saldı. Azərbaycanın, Qazaxıstanın, Qırğızıstanın, Özbəkistanın, Türkiyənin, Türkmənistanın, Şimali Kipr Türk Cümhuriyyətinin və Qaqauz (Moldova) Dövlət teatr rəhbərlərinin iştirak etdikləri tədbirdə türk xalqlarının tarixi etnosları ilə tanışlıq imkanı yarandı.

Tarixi İpək Yolunun üzərində yerləşən, Şərq-Qərb nəqliyyat dəhlizinin fəal iştirakçısı, türk dövlətləri arasında birlik və həmrəyliyin möhkəmlənməsində aparıcı rola malik ölkəmizin təşkilatda fəallığını «Biz enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət veririk. Azərbaycan bu sahədə də öz imkanlarını təqdim edir. Mərkəzi Asiyadan olan tərəfdaşlarımızın enerji resurslarının bir hissəsi Azərbaycan vasitəsilə dünya bazarlarına nəql edilir» sözləri ilə ifadə edən Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 22-ci iclasının Bakıda keçirilməsini regional sabitliyin təmin olunması baxımından da önəmli hadisə kimi dəyərləndirmişdi. Müxtəlif vaxtlarda TDT-yə daxil olan ölkələrdə keçirilən, türk dövlətlərinin ümimi maraqlarını əks etdirən problemlərə həsr olunan Zirvə görüşləri, toplantılar tarixi əhəmiyyəti ilə də maraq doğurur.

Türk dünyasının möhkəmlənməsində, xalqların birlik və rifahının gücləndirilməsində növbəti mühüm addım TDT-nin Qazaxıstanda «Türk əsri!» devizi altında keçirilən yubiley tədbiri oldu. Həmin tədbirdə bir daha vurğulandı ki, Bakı-Tbilisi-Ceyhan boru kəməri Azərbaycan, Türkmənistan və Qazaxıstan neftini dünya bazarlarına çatdırdığı kimi, Cənub Qaz Dəhlizi sayəsində türk dövlətləri Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayırlar”. Bu baxımdan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun” potensialından səmərəli istifadə təşkilatın üzvləri arasında əməkdaşlığı daha da gücləndirəcək. Ölkələrarası logistika xidmətlərinin təkmilləşdirilməsi, vahid nəqliyyat operatorlarının yaradılması, texniki və tarif şərtlərinin modernləşdirilməsi, inzibati maneələrin aradan qaldırılması və qapalı logistik dövrənin formalaşması ilə bağlı imkanlar artacaq. Orta Dəhlizin inkişafına dair yol xəritəsinin reallaşdırılması ilə bağlı perspektivlər, Şərq-Qərb istiqamətində yüklərin çatdırılmasında operativliyin təminatı təşkilatın daim diqqət göstərdiyi mühüm amilldir. Həmin Zirvə görüşündə «Çünki Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər bizə regional təhlükəsizliklə bağlı məsələlərdən başlamış nəqliyyat, logistika, energetika, humanitar əməkdaşlıq, ekologiya ilə bağlı məsələlərə qədər bütün istiqamətlər üzrə əməkdaşlığı möhkəmlətməyi diktə edir» söyləyən Prezident İlham Əliyevin sənaye kooperasiyası, ixrac-idxal əməliyyatlarının nomenklaturunun genişləndirilməsi, gələcəkdə ixrac-idxal potensialının reallaşdırılması üçün sifarişlərin yerləşdirilməsi məsələləri ilə bağlı təklifləri təşkilat üzvləri tərəfindən razılıqla qarşılandı. Qardaşlıq, dostluq münasibətlərini möhkəmləndirən səfərlər bir daha subut edir ki, tolerant ölkə, multikultural dəyərlərə sadiq Azərbaycan İslam həmrəyliyinin, türk birliyinin möhkəmlənməsində aparıcı rolunu uğurla davam etdirir.

Hazırda BMT, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi qurumlarla səmərəli əməkdaşlıq edən TDT, TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası zəngin mədəni irsimizin tədqiqində, maddi və mənəvi dəyərlərimizin dünyada təbliğində əhəmiyyətli rol oynayır. Türkdilli Ölkələrin Parlament Assambleyası uğurla fəaliyyət göstərir və bir neçə dövlətin parlamentlərarası qrupları ilə sıx əməkdaşlıq edir. Mədəniyyət, elm, təhsil, turizm, gənclər və idman sahələrində birgə fəaliyyət xalqlar arasında dostluq və qardaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edir. TDT daxilində strateji tərəfdaşlığın faydasını « Biz bilirik ki, beynəlxalq müstəvidə öz mövqeyini müdafiə etmək bəzi hallarda o qədər də asan olmur. Biz birlikdə olsaq, müəyyən məsələlərdə vahid mövqedən çıxış etsək və bu birliyi mütəmadi işlərlə möhkəmləndirsək, bizim beynəlxalq mövqelərimiz daha da güclü olacaqdır» ifadəsi ilə diqqətə çatdıran Prezident İlham Əliyevin sözləri artıq perspektiv deyil, reallıqdır. Beynəlxalq münasibətlər sistemində adları qoşa çəkilən, dünya hadisələrinə təsir imkanları artan, qarşısıalınmaz güc mərkəzi kimi tanınan bu birliyin lokomotivi Türkiyə ilə Azərbaycanın qardaşlığıdır. Şimali Kipr Türk Gümhuriyyətinin TDT-yə müşahidəçi kimi qəbulunun bu birliyin möhkəmlənməsinə təsir göstərəcək amil olduğunu «Bildiyiniz kimi, Şimali Kipr Türk Cümhuriyyəti Türk Dövlətləri Təşkilatında artıq müşahidəçi üzv statusuna malikdir və Zirvə görüşlərində bu statusla iştirak edib. Ancaq ilk dəfə olaraq bu tədbirdə öz bayrağı ilə iştirak etmişdi. Burada biz qardaşlıq borcumuz nədirsə, onu da etdik» sözləri ilə ifadə edən Prezident İlham Əliyev inamla vurğulayır ki, coğrafiyası böyük olan təşkilatın çox böyük gələcəyi var: «Biz birliyi daha da gücləndirməklə Türk Dövlətləri Təşkilatını dünya miqyasında güc mərkəzinə çevirməliyik. Çünki bu gün bir neçə beynəlxalq təşkilat var. Bəziləri böhran içində, bəziləri tənəzzüldədir, Türk Dövlətləri Təşkilatı isə yüksəlişdədir. Bu yüksəliş rahat olmalıdır və buna ortaq səylərlə nail olacağıq.»

Təşkilatın dünya siyasətində rolunun artdığını bu günlərdə ölkəmizdə keçirilən «Yeni dünya nizamına doğru»” mövzusunda beynəlxalq Forumundakı «Türk dünyasında ölkələr arasında münasibətlər bizim üçün çox vacibdir. Bizim üçün bu, xarici siyasətimizin əsas prioritetlərindən biridir. Bizi tarix, etnik köklər, dil oxşarlıqları, mədəniyyət və adət-ənənələr birləşdirir və biz təşkilatı daha güclü və nəticəyə yönələn təşkilat kimi görmək istəyirik. Bu məqsədlə Azərbaycan əlindən gələni edir. Düşünürəm ki, üzv dövlətlər arasında qarşılıqlı fəaliyyət baxımından çox yaxşı mühit var… Hazırda biz Avropa İttifaqında dəyərlər, mədəniyyət, ənənələr, miqrantlar, tariflər və sairə məsələlərdə xeyli narazılıqlar görürük. Belə bir hal Türk Dövlətləri Təşkilatında varmı? Yox. Bizdə yoxdur» sözləri ilə ifadə edən Prezident İlham Əliyevin «Gücümüz bir olanda dəmir yumruğumuz da ağır olur, daha möhkəm olur. İnşallah, belə də olacaq» ifadələri gerçəkliyi əks etdirir.

Xuraman İsmayılqızı, «İki sahil»