18 aprel 2025 11:29
137

Azərbaycan Gürcüstanla mühüm layihələr həyata keçirir

Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin ölkəmizə rəsmi səfəri mühüm əhəmiyyət kəsb edir. Bu səfər iki qonşu ölkə arasında münasibətlərin və əlaqələrin inkişafında mühüm töhfə hesab edilir. Prezident İlham Əliyevlə Gürcüstan Prezidenti Mixeil Kavelaşvili arasında keçirilən görüş, aparılan müzakirələr olduqca önəmlidir. Dövlət başçılarının mətbuata verdiyi birgə bəyanatlarda da vacib məqamlardan bəhs olunub.

“İki sahil” xəbər verir ki, bu sözləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Deputat bildirib ki, Azərbaycan və Gürcüstan prezidentləri mətbuata verdikləri birgə bəyanatlarda münasibətlərinin bütün sahələr üzrə inkişafına toxunulub: “İki qonşu xalqın əsrlər boyu sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşadığı qeyd olunub. Eyni zamanda dövlətlərarası münasibətlərin yüksək səviyyədə olduğu vurğulanıb. Azərbaycan və Gürcüstan birlikdə bir çox önəmli layihələri icra edib ki, bu layihələr həm ölkələrimiz, xalqlarımız və daha geniş coğrafiya üçün böyük önəm kəsb edir. Bununla yanaşı iki dövlət arasında siyasi əlaqələr inkişaf edir və yüksək səviyyəli təmaslar müntəzəm xarakter daşıyır. Həmçinin hər iki ölkə beynəlxalq təşkilatlarda daim bir-birinin maraqlarını müdafiə edir”.

Təftiş Komissiyasının sədri Azərbaycanla Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələrinin mühüm əhəmiyyətə malik olduğunu söyləyib: “Həyata keçirilən bu layihələr Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini dəyişdirib. Prezident İlham Əliyev də vurğulayıb ki, Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Ölkəmiz hazırda Gürcüstan da daxil olmaqla 12 ölkəyə təbii qaz ixrac edir. Həyata keçirilən ixrac Gürcüstan vasitəsilə həyata keçirilir. Nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar Azərbaycanda və Gürcüstanda böyük sinergiya yaratmaqla yanaşı Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilib. Məhz bu baxımdan da Cənubi Qafqazda Orta Dəhliz layihəsinin  Azərbaycan və Gürcüstanın iştirakı olmadan həyata keçirilməsi mümkün deyil”.

Sevinc Hüseynova qeyd edib ki, Azərbaycan Prezidentinin vurğuladığı kimi Azərbaycan və Gürcüstan Cənubi Qafqazda sülhün təmin edilməsinə,  təhlükəsizliyə mühüm töhfəsini verir: “Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar edilməsi də hər iki ölkə üçün başlıca amil hesab edilir. Uzun illər ərzində Cənubi Qafqazın münaqişə, müharibə arenasına çevrilməsi fonunda hazırda regionda yeni bir dövrün başlayıb. Gürcüstan Prezidenti də iki dost, qonşu ölkə arasında olan əlaqələrə diqqət çəkib. Qədim tarixi köklərə malik Azərbaycan-Gürcüstan münasibətlərinin uğurlu inkişaf yolu keçərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi bildirilib. Azərbaycanın Gürcüstanla ikitərəfli əlaqələrə xüsusi əhəmiyyət verdiyi və əməkdaşlığın bütün istiqamətlər üzrə dərinləşdirmək və genişləndirməkdə maraqlı olduğu vurğulanıb. İki ölkə arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığın təhlükəsizlik, müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrində əldə olunmuş ciddi nailiyyətlərin əsasını təşkil edir”.

“Azərbaycan və Gürcüstanın enerji və nəqliyyat-logistika sahələrində birgə reallaşdırdığı nəhəng layihələr mövcuddur. Bu layihələr regionun hüdudlarını aşaraq qlobal enerji təhlükəsizliyi və qitələrarası nəqliyyat bağlantılarında müstəsna rol oynayır. Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Bakı-Tbilisi-Qars dəmiryolu isə Şərq və Qərb arasında qısa və səmərəli alternativ bağlantı yaradır. Azərbaycan-Gürcüstan arasındakı əlaqələr beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf edir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda hər iki ölkə bir-birinin milli maraqlarını müdafiə edir”, - o əlavə edib.