Azərbaycan və Xorvatiya Xarici İşlər nazirlikləri arasında mayda nazir müavinləri səviyyəsində siyasi məsləhətləşmələr keçiriləcək.
“İki sahil” xəbər verir ki, bu barədə “Report”un Xankəndiyə ezam olunmuş əməkdaşına açıqlamasında Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebiç məlumat verib.
Diplomat bildirib ki, bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd eolunur və bununla bağlı nazirlər səviyyəsində səfər planlaşdırılır:
“Bizim nazirim Azərbaycana səfər edəcək və gələn ay nazir müavinləri səviyyəsində siyasi məsləhətləşmələr keçiriləcək. Baş nazirim bir neçə ay əvvəl COP29 tədbiri çərçivəsində ikinci dəfə Azərbaycanda olub. Prezident İlham Əliyev və Baş nazir Andrey Plenkoviç bir-birini tez-tez görürlər, son görüşləri bu il Davosda olub. Yəni əməkdaşlıq çox yüksək səviyyədədir”.
Səfir ona da diqqət çəkib ki, Azərbaycan və Xorvatiya arasında ticarət dövriyyəsi təxminən 1 milyard avrodur və bu, əsasən, Azərbaycanın neft ixracı hesabına formalaşır:
“Xorvatiya Azərbaycan qazını idxal edən 10-cu Avropa ölkəsi olub. Beləliklə, əməkdaşlıq üçün çoxlu sahələr mövcuddur”.