18 aprel 2025 14:35
126

AzTU və AzDƏMTTETİ arasında əməkdaşlıq memorandumu imzalanıb

Fövqəladə Hallar Nazirliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Memorandumun imzalanmasında məqsəd elm, təhsil və əmək bazarının tələblərinə uyğun universitet-biznes əməkdaşlığının inkişaf etdirilməsidir.

AzTU-nun rektoru Vilayət Vəliyev və AzDƏMTTETİ-nin direktoru Məmməd Bağır-zadənin iştirakı ilə imzalanan memorandum tərəflərə sənaye və təhlükəsizlik sahələrində kadr hazırlığı, birgə tədqiqatlar, ixtisasartırma kursları, istehsalat və elmi-tədqiqat təcrübələrinin təşkili, eyni zamanda innovativ layihələrin həyata keçirilməsi üzrə əməkdaşlıq etməyə imkan yaradacaq.

Sənədə əsasən, AzTU-nun tələbə və magistrantlarının AzDƏMTTETİ-də təcrübə keçməsi, birgə seminar və təlimlərin təşkili və digər istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulub. Belə ki, əməkdaşlıq çərçivəsində tərəflər arasında informasiya mübadiləsi, həmçinin birgə işçi qrupun yaradılması və qarşılıqlı məsləhətləşmələr həyata keçiriləcək.