18 aprel 2025 15:28
120

Beyləqanda marketdə saxta spirtli içkilər aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Beyləqan şəhəri, Magistral küçəsində fəaliyyət göstərən, Əliyev Asim Pəsi oğluna məxsus “Beyləqan” marketdə yoxlama keçiriblər.

Bu barədə "İki sahil"ə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib. Bildirilib ki, baxış zamanı marketdə “Ağsu”, “Qafqazkaya“ və “Belaya” əmtəə nişanlı müxtəlif həcmli saxta spirtli içkilər aşkarlanıb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə verilib.

Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub. Saxta spirtli içkilərin satışı qadağan edilib və qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.