Çoxəsrlik tarixə malik olan Azərbaycan mədəniyyəti daim yeni ideya və müasir yanaşmalar əsasında inkişaf dinamikası nümayiş etdirib. Sözügedən dinamika sahənin hər istiqamətinə bu və ya digər formada siraət etməklə düzgün və faydalı təbliğatın təşkilinə şərait yaradıb. Maddi və qeyri-maddi mədəniyyət nümunələrinin geniş auditoriyaya çatdırılması, təbliği və sahəyə marağın artırılması baxımından fəaliyyətin əsasını təşkil edir.
Mədəniyyət sahəsinin bütün istiqamətləri üzrə qazanılan uğurlar Azərbaycan mədəniyyətinin və milli-mənəvi dəyərlərimizin həm yerli, həm də beynəlxalq miqyasda tanıdılması zəminində başlıca məsuliyyət, sistem daxilində fəaliyyət göstərən bir sıra qurumların eləcə də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) üzərinə düşür.
Belə ki, Mərkəz hər zaman sahədə kadr potensialının, bilik, peşə vərdişlərinin artırılması, ustad dərslərinin, təlimlərin, ixtisasartırma kurslarının təşkili, həmçinin paytaxt və regionlarda mövcud olan mədəniyyət müəssisələrinə metodiki dəstək göstərilməsi baxımından geniş fəaliyyət nümayiş etdirir, görülən işlərin işıqlandırılması məqsədilə isə informasiya agentlikləri ilə sıx əməkdaşlıq edir. Yaradıcı məzmunlu layihələrin həyata keçirilməsi də Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin başlıca fəaliyyət istiqamətləri sırasındadır.
Cari ilin 8-12 aprel tarixlərində Gəncə şəhərində Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə təşkil olunan “Mədəniyyət rüzgarı” adlı tədbirlər proqramı məhz bu qəbildəndir. Sözügedən proqram çərçivəsində regionda fəaliyyət göstərən mədəniyyət işçilərinin maarifləndirilməsi, sahəyə dair yeniliklər, elmi, metodiki, nəzəri və təcrübi məlumatlar, həmçinin metod və üsullarla təmin edilməsi, sənət xadimləri ilə görüşlər, musiqi, teatr, mədəni irs və digər mövzular ətrafında maraqlı müzakirələrin aparılması kimi məqsəd daşıyıb.
“Musiqidə milli ənənələrin təcəssümü” adlı elmi-praktiki seminar Gəncə şəhərində gerçəkləşən ilk tədbir olub. Gəncə Dövlət Universiteti (GDU) ilə birgə 8 aprel tarixində “Musiqidə milli ənənələrin təcəssümü” adlı elmi-praktiki seminar təşkil edilib.
Gəncə Dövlət Universitetinin rektorunun baş müşaviri, tarix üzrə fəlsəfə doktoru, dosent Asif Cavadov və MEMİM-in direktoru vəzifəsini icra edən sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov seminar iştirakçılarını salamlayaraq dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi çərçivəsində keçirilən seminarın məqsədinin milli köklərimiz zəminində formalaşan bəstəkarlıq ənənələri, Azərbaycan peşəkar musiqi irsinin tədqiqat məsələlərinin gənc nəslə çatdırılmasının vacibliyini vurğulayıblar.
GDU-nun “Musiqi fənləri” kafedrasının müdiri, Əməkdar müəllim, sənətşünaslıq üzrə elmlər doktoru, professor Sevda Qurbanəliyeva, kafedranın baş müəllimləri, sənətşünaslıq üzrə fəlsəfə doktorları Sevinc Rüstəmova və Nüşabə Seyfullayeva, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi, Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru İlham Nəzərov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aytən Babayeva, MEMİM-in aparıcı metodisti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Muradzadə çıxışlarında mövzularla bağlı araşdırmalarını təqdim edərək video materiallar və musiqi nömrələri təqdim ediblər.
Elmi-praktiki seminar Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Səadət Təhmirazqızının moderatorluğu ilə reallaşıb.
Proqram çərçivəsində növbəti tədbir Fortepiano və vokal ixtisasları üzrə ustad dərsləri olub.
9 aprel tarixində Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin kollektivləri üçün fortepiano və vokal ixtisasları üzrə ustad dərsləri keçirilib.
Görkəmli Azərbaycan bəstəkarı, professional musiqimizin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümünə həsr olunmuş ustad dərslərinin keçirilməsində əsas məqsəd regionda yerləşən musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün yenilənmiş tədris metodikasının tətbiqi, şagirdlə dərs zamanı diqqət edilməli əsas məqamlar, onların peşəkar inkişafı üçün göstərişlərin verilməsi və siniflər üzrə düzgün repertuar seçiminin təşkil olunmasıdır.
Gəncə şəhər Zərif Qayıbov adına 5 nömrəli Uşaq Musiqi Məktəbində baş tutmuş ustad dərsləri Azərbaycan Respublikasının Əməkdar artisti, opera ifaçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru İlham Nəzərov və Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, pianoçu Svetlana Əhmədovanın iştirakı ilə gerçəkləşib.
Mərkəzin silsilə layihələrindən olan “Sənətkarın dostu” layihəsi də növbəti görüşünü Gəncədə təşkil edib.
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının dəstəyi ilə cari ilin 9 aprel tarixində “Sənətkarın dostu” layihəsinin qonağı Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Muğam sənəti” kafedrasının müdiri, xanəndə Teyyub Aslanov olub.
Görüş Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında MEMİM-in əməkdaşı Riad Cəbrayılovun moderatorluğu ilə baş tutub.
Tədbirdə Teyyub Aslanov muğam sənətinin tarixi, inkişaf mərhələləri, gənclər arasında təbliği, metodoloji əsaslı tədrisdən söhbət açıb və tələbəsi Ramil Hümbətli ilə birlikdə “Bayatı-şiraz” muğam dəstgahını ustad dərsi formatında təqdim edib. Onları kamançada Əməkdar artist Toğrul Əsədullayev, tarda Ruslan Zərbalıyev müşayiət edib. Daha sonra Gəncə şəhəri, Goranboy, Samux rayonlarının Uşaq musiqi məktəblərinin şagirdləri İlahə Mehdiyeva, Rəvan Ağayev, Elxan Babazadə və Hüseyn Qələndərlinin ifasında müxtəlif muğam parçaları səslənib.
Layihənin məqsədi mədəniyyətin təşviqi, uşaq və gənclərin yaradıcılığının stimullaşdırılması, regionlarda gənc istedadların aşkara çıxarılması, görkəmli mədəniyyət xadimləri ilə zəngin təcrübə mübadiləsinin təşkili kimi məqamlardan ibarətdir.
Silsilə tədbirlər çərçivəsində Gəncədə keçirilən ilk təlim kitabxana əməkdaşlarını əhatə edib.
Azərbaycan Milli Kitabxanasının dəstəyi ilə 10 aprel tarixində Gəncə şəhəri ilə yanaşı Naftalan, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonunda yerləşən kitabxanaların əməkdaşları üçün təlim təşkil olunub.
Təlim kitabxana sahəsində çalışanların peşəkar inkişafına töhfə vermək, onların müasir kitabxana idarəçiliyi və rəqəmsal resursların əlçatanlığını, region kitabxanalarında müasir proqramların tətbiqini təmin etmək məqsədilə reallaşıb.
Azərbaycan Milli Kitabxanasının şöbə müdirləri, tarix üzrə fəlsəfə doktoru Aygün Koçak və Sevinc Əfəndiyeva “İnnovativ metodlar və informasiya texnologiyalarının kitabxana işinə tətbiqi” və “KOHA Avtomatlaşdırılmış Kitabxana İdarəetmə Sisteminin kitabxanalarda tətbiqi” mövzularında təqdimatlarla çıxış ediblər.
Proqram çərçivəsində növbəti uzunmüddətli layihə “Nəsildən-nəslə teatr” layihəsi olub.
Gəncə Dövlət Milli Dram Teatrında 10 aprel tarixində “Nəsildən-nəslə teatr” layihəsinin “Aktyorluq: min maskalı qəhrəmanın səyahəti” adlı seminarı Azərbaycan Respublikasının Xalq artisti, aktyor Nurəddin Mehdixanlının iştirakı ilə baş tutub.
MEMİM-in əməkdaşı, teatrşünas Dağlar Yusifin moderatorluğu ilə keçirilən seminarda, Xalq artisti gənclərə aktyor sənətinin sirləri, vətənə və sənətə sevgi, aktyor-tamaşaçı ünsiyyəti, teatrda aktyorun mövqeyi kimi mövzularda söhbət aparıb.
Tədbir Gəncə teatrlarının kollektivləri ilə yanaşı ətraf rayonların teatr nümayəndələri və teatrsevərlər tərəfindən maraqla qarşılanıb.
“Nəsildən-nəslə teatr” layihəsi çərçivəsində təşkil olunan seminarların məqsədi nəsillər arasında fikir və təcrübə platforması yaratmaqla milli teatrın inkişaf prosesinə töhfə vermək həmçinin müasir beynəlxalq tendensiyaların tətbiqi, sahəyə marağın artırılması və gənclərin prosesə cəlb edilməsi ilə aktiv yaradıcı mühitin formalaşdırılması kimi məqamlardan ibarətdir.
Muzey əməkdaşları üçün "Muzeylərin əsas vəzifələri: fondlar, elmi kütləvi və ekspozisiya işi, muzey işinin üç sütunu" mövzusunda təlim cari ilin 11 aprel tarixində təşkil olunub.
Təlimdə Gəncə şəhəri ilə yanaşı Samux, Goranboy, Göygöl, Daşkəsən, Naftalan rayonlarının muzey əməkdaşlarının peşəkar inkişafına töhfə vermək, onlara nəzəri və təcrübi biliklər qazandırmaq məqsədilə Azərbaycan İstiqlal Muzeyinin elmi fond işləri üzrə direktor müavini, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Aida Axundovanın iştirakı ilə muzey işinin təşkili, fond və ekspozisiya zallarının müasir standartlara uyğun qurulması, eksponatların mühafizə qaydaları, təqdimat zamanı muzey bələdçisinin rəqəmsal vasitələrdən istifadəsi kimi mövzular ətrafında təqdimatla çıxış edilib. Sonda auditoriyanı maraqlandıran suallar cavablandırılıb.
Ölkənin zəngin tarixi-mədəni irsinin təbliği və mühafizəsi sahəsində müxtəlif tədbirlər, bərpa və konservasiya işləri ilə bağlı praktiki biliklərin artırılması, milli kadr potensialının gücləndirilməsi, gənc nəslin maarifləndirilməsi məqsədilə MEMİM-in “Mədəni irsini qoru” layihəsi çərçivəsində Gəncənin tarixi yerlərinə infotur təşkil edilib.
Sözügedən infotur Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Azərbaycan Milli Elmlər Akademiyası Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu, Azərbaycan Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi ilə cari ilin 12 aprel tarixində baş tutub.
İnfotur zamanı Gəncənin ali təhsil müəssisələrinin tələbələri və media nümayəndələri üçün Gəncənin həm tarix, həm də mədəniyyət baxımından böyük əhəmiyyət daşıyan Çökək hamamı, Cavad xanın türbəsi, Şah Abbas məscidi və Karvansarayı, Gəncə qala divarları, Azərbaycan Demokratik Respublikasının Parlament binası və digər tarixi yerlərə ekskursiya təşkil olunub.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin rəisi Pərvin Kazımov, AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun əməkdaşı Faiq İsmayılov və digər mütəxəssislər tərəfindən maarifləndirici məlumatlar layihə iştirakçılarının diqqətinə çatdırılıb.
Qeyd edək ki, “Mədəniyyət rüzgarı” tədbirlər proqramı çərçivəsində yuxarıda sadalanan elmi-praktiki seminar, ustad dərsləri, təlimlər, eləcə də uzunmüddətli layihələr MEMİM tərəfindən həyata keçirilən tədbirlərin müəyyən bir qismini təşkil edir. Reallaşan layihələrin hər biri sahənin müəyyən istiqamətini əhatə etməklə vacib məqamları ələ alaraq auditoriyanın diqqətinə çatdırır və onların marağını cəlb edir. Bütün fəaliyyət istiqamətləri üzrə MEMİM-in qarşısında dayanan ən ümdə məsələ isə Azərbaycan mədəniyyətinə və milli-mənəvi dəyərlərimizə dair hər bir məqamı mütəxəssislərin dəstəyi ilə dərindən təhlil edib müzakirələr aparmaq və əhatəli təbliğatını təmin etməkdən ibarətdir.
Rəfiqə Nəsirova,
MEMİM-in əməkdaşı