26 oktyabr 2025 17:34
137

“XX Baku Jazz Festival” çərçivəsində JAZZ & AI müzakirə paneli təşkil olunub

Oktyabrın 26-da “Jolly Joker” məkanında “ХХ Baku Jazz Festival” çərçivəsində süni intellekt (AI) və caza həsr olunmuş müzakirə paneli keçirilib.

Tədbirdə “Jazz on the Dnipro” festivalının bədii rəhbəri Anna Ruskeviç, “All About Jazz” jurnalının baş redaktoru İen Patterson, Azərbaycan mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov və caz musiqiçisi, rəqəmsal məzmun və AI üzrə ekspert Hikmət Babazadə iştirak ediblər.

Müzakirə zamanı süni intellektin və müasir texnologiyaların cazın gələcəyinə təsiri müzakirə olunub.

Cahangir Səlimxanov Azərbaycanda süni intellektin inkişafı ilə hazırkı vəziyyətdən bəhs edib.

“Süni intellekt geniş mövzudur. Ölkəmizdə dövlət səviyyəsində buna diqqətlə yanaşılır. Hətta xarici ölkələrlə münasibətlərdə bəzi prioritetlər arasında süni intellekt mövzusu da yer almağa başlayır. Mədəniyyət Nazirliyinə gəldikdə isə, süni intellekt və onun incəsənətdə tətbiqi ilə bağlı təlim proqramımız var. Bu, Mədəniyyət Nazirliyinin təlim, startap inkişafı və gənclərin yaradıcı peşələrdə potensiallarını yoxlamaları üçün yaratdığı platformadır. Hazırda süni intellekt dərslikləri ola bilməz, çünki bu sahədə hər şey sözün əsl mənasında hər həftə dəyişir. Ən son nümunələri hətta günlərlə və ya saatlarla saymaq olar. Burada daim zamanla ayaqlaşmaq lazımdır.

Mən şəxsən özün Mədəniyyət və İncəsənət Universitetində incəsənət menecmenti və mədəni siyasət kursumda süni intellektdən istifadə edirəm. Tələbələrə dərsə artıq öyrənilmiş materialla gəlmələrini təklif edirəm. Daha sonra öz təcrübəmdən nümunələr təqdim etməyə başlayıram və biz süni intellektdən istifadə edərək bunları yoxlayırıq və onlara əlavələr edirik. Təbii ki, bu, nə müəllimləri, nə də mədəniyyət xadimlərini əvəz etmir. Çünki süni intellekt “dediyinə” tam etibar etmək olmaz. Bu yenidən yoxlanmalıdır. Öyrənməli olduğumuz ən vacib şey süni intellektlə necə düzgün şəkildə qarşılıqlı əlaqədə olmağımızdır. Sadəcə ona tabe olmaq deyil. Sual vermək bacarığı öyrənməli və bir-birimizlə bölüşməli olduğumuz bir şeydir”, - deyə mədəniyyət nazirinin müşaviri vurğulayıb.

Xüsusilə qeyd etmək lazımdır ki, natiqlər çıxışlarında öz həyatlarından insanla süni intellekt arasında qarşılıqlı əlaqənin maraqlı nümunələrini bölüşüblər. Xüsusilə, İen Patterson gənc yaşlarında professor Stiven Hokinqlə görüşmək və ünsiyyət qurmaq üçün istifadə etdiyi texnologiyaları müşahidə etmək şərəfinə nail olduğundan danışıb.

Bu gün “XX Baku Jazz Festival” çərçivəsində növbəti konsert gözlənilir. “Jolly Joker” məkanında səhnəyə IPEK DINC və NURLAN HUSEYNZADEH TRIO (Türkiyə-Azərbaycan), eləcə də Valid Ağayevin dirijorluğu ilə Kamera Orkestrinin müşayiəti ilə QRZEÇ PIOTROVSKİ & TAMARA BEHLER (Polşa) dueti çıxacaq. Tədbirin sürprizi festivalın təsisçisi caz musiqiçisi Rain Sultanovun çıxışı olacaq.

Oktyabrın 24-dən başlayan “Baku Jazz Festival-2025” oktyabrın 31-dək davam edəcək. Səkkiz gün ərzində Bakıda dünyanın ən yaxşı caz musiqiçiləri çıxış edirlər. Festivalın açıq məkanlardan tutmuş kamera salonlarına qədər olan meydançalarında konsertlər, sərgilər, cem-sessiyalar, film nümayişləri, ustad dərsləri, seminarlar, tanınmış musiqi bloqçuları ilə görüşlər keçiriləcək.

AZƏRTAC