Quba rayonunun 7 kəndinin rayon mərkəzi ilə əlaqəsi tam kəsilib.
"İki sahil"in Şimal təmsilçisi xəbər verir ki, rayonun Qrız, Haput, Əlik, Cek, Bostankeş, Qalaxudat və Xınalıq kəndlərinə aparan yollarda hərəkət məhdudlaşıb. Quba-İspik-Xınalıq avtomobil yolunda güclü qar yağması nəticəsində yolun hərəkət zolağında 37-ci kilometrliyindən 50-ci km-ə qədər yolda 1 metrə qədər qar kütləsi əmələ gəlib. Eyni zamanda müxtəlif yerlərdə intensiv yağışlar nəticəsində yola daş, qaya parçaları tökülüb. Hazırda yolun açılması istiqamətində işlər görülür.
Adıçəkilən kəndlərə aparan alternativ yol olan Quba-Alpan-Xınalıq yolu da qar səbəbindən bağlıdır.
İntensiv yağışlar elektrik təsərrüfatına da ciddi ziyan vurub. Elektrik dirəkləri aşıb, naqillər qırılıb. Qeyd edilən kəndlərdə hazırda elektrik yoxdur.
Aydın Adıgözəlov,
Quba, "İki sahil" üçün