Niderlandda Türkiyə diasporunun nümayəndələri bu yaxınlarda Avropa ölkəsinin parlamentində 1915-ci ildə Osmanlı İmperiyasında baş vermiş hadisələrlə bağlı qəbul edilmiş qərəzli sənədi kəskin tənqid ediblər.
“İki sahil” “Hürriyet” qəzetinə istinadla xəbər verir ki, Niderlandda fəaliyyət göstərən “Comité Anti-Collaboratie” adlı diaspor təşkilatı ölkə parlamentinə açıq məktub ünvanlayaraq, “hüquqi və tarixi əsasları olmayan addımlardan” imtina etməyə çağırıb.
Məktub müəllifləri Birinci Dünya müharibəsi dövründə ermənilərin fəaliyyəti ilə İkinci Dünya müharibəsi zamanı faşistlərlə əməkdaşlıq edən Niderlandın Milli-Sosialist Hərəkatı (NSB) arasında ümumi bənzərlikləri göstəriblər.
“Erməni soyqırımı” adlanan iddianı dəstəkləyən heç bir fakt yoxdur. Bunların hamısı uydurmadır!” – deyə “Comité Anti-Collaboratie” rəhbəri Ali Çağlayan bildirib və Osmanlı torpaqlarında erməni silahlı dəstələrinin törətdiyi qanlı cinayətlərə diqqət çəkib.
Onun sözlərinə görə, ermənilərlə bağlı hər hansı bir beynəlxalq məhkəmə instansiyasının “soyqırımı” tanıyan qərarı yoxdur.
“Parlament üzvləri, xüsusilə də Avropa İnsan Haqları Məhkəməsinin “Pərinçək İsveçrəyə qarşı” işi üzrə verdiyi qərarı, həmçinin 1915-ci il hadisələrini araşdırmış tanınmış Qərb tarixçilərindən Bernard Lyuis, Günter Levi və Castin Makkartinin fikirlərini nəzərə almalı idilər”, – deyə Çağlayan vurğulayıb.
O bildirib ki, parlamentlərin subyektiv qərarları tarixi həqiqətləri dəyişdirməyə qadir deyil.
“Belə populist yanaşmaların yeganə nəticəsi milli nifrətin və düşmənçiliyin artması ola bilər ki, bu da cəmiyyətin birliyinə ciddi zərbədir”, – deyə “Comité Anti-Collaboratie” rəhbəri qeyd edib.
Ali Çağlayan əlavə edib ki, yaxın günlərdə Türkiyə icmasının nümayəndələri Niderland parlamenti qarşısında etiraz aksiyası keçirməyi planlaşdırırlar.