“İki sahil” xəbər verir ki, tədbirdə Azərbaycanın müxtəlif bölgələrindən 250-yə yaxın müəllim iştirak edib. Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə Zirvə iştirakçılarını və qonaqları salamlayıb, bundan sonra da belə tədbirlərin keçirilməsinə dəstək olacaqlarını bildirib. Azərbaycan Respublikası Təhsil Cəmiyyəti İdarə Heyətinin sədri Murad Ağalarov Birliyin əsas məqsədinin respublikada fasiləsiz təhsilin həyata keçirilməsinə, təlim-tərbiyənin yüksəldilməsinə yardım göstərmək olduğunu bildirib, tədbirin işinə uğur arzulayıb.
Tədbirdə Milli Məclisin Elm və Təhsil Komitəsinin sədr müavini Fariz İsmayılzadə, millət vəkili Mehriban Vəliyeva, professor Fərrux Rüstəmov, tibb üzrə fəlsəfə doktoru İkram Rüstəmov Türkiyə Cümhuriyyətindən Zirvəyə dəvət olunmuş qonaqlar - Niğde Ömer Halisdemir Universitetinin rektoru prof. Hasan Uslu, İzmir Yaşar Universitetinin prorektoru Hasan Atasoy, “Study in North Cyprus” Assosiasiyasının təsisçisi Selman Arslanbaş, Ankara Atılım Universitetinin Beynəlxalq əlaqələr üzrə direktoru Özgün Özgər təhsil sahəsində tətbiq edilən yeniliklər, təhsil islahatları, təhsildə psixoloji xidmətin aparılması istiqamətində məruzələrlə çıxış ediblər.
Daha sonra “Vətən naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, şəhid anası Tünzalə Abduləlimova qeyd edib ki, xalqımızın ən böyük dəyəri Azərbaycan torpağıdır, bu torpağın bütövlüyü uğrunda canlarından keçmiş Vətən oğullarının yetişdirilməsi təhsil müəssisələrinin qarşısında dayanan vacib məsələlərdəndir.
Sonda VII Muğam müsabiqəsinin diplomantı, xanəndə Mehranə Vəliqızının ifasında “Çırpınırdı Qara dəniz”, “Yaşa Azərbaycan” mahnıları səsləndirilib.