21 aprel 2025 23:58
98

Ulu Öndərin ana dilinin dövlət dili olması uğrunda dönməz mübarizəsi

Ana dilinin bir dövlətin rəsmi statusuna yüksəlməsi tarix boyu bir çox xalqlar üçün həm mədəni, həm də siyasi mübarizə obyektinə çevrilmişdir. Azərbaycan xalqı da bu prosesdən istisna olmayaraq uzun illər ərzində öz ana dilinin dövlət səviyyəsində tanınması uğrunda çətin və mərd bir yol keçmişdir. Bu yolun ən parlaq səhifələrindən biri isə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin dönməz mübarizəsi, siyasi qətiyyəti və vətənpərvər iradəsi ilə bağlıdır.

1970-ci illərdə SSRİ-də ruslaşdırma siyasəti açıq şəkildə güclənmişdi. İttifaq rəhbərliyi milli dillərin imkanlarını süni şəkildə məhdudlaşdırır, onları tədricən sıradan çıxarmaq üçün ideoloji və inzibati alətlərdən istifadə edirdi. Xüsusilə də SSRİ Konstitusiyasının 1977-ci ildə qəbulundan sonra milli dillərin statusu təhlükə altına düşdü. Bu zaman Azərbaycanın dövlət rəhbəri olan Heydər Əliyev öz xalqının maraqlarını qorumaq üçün son dərəcə cəsarətli və strateji addım atdı və Azərbaycan dilinin dövlət dili kimi tanınması təşəbbüsü ilə çıxış etdi. Əgər nəzərə alsaq ki, o dövrdə milli məsələni gündəmə gətirən şəxslər ciddi cəzalarla, hətta repressiyalarla üzləşirdi, Heydər Əliyevin bu addımı sadəcə inzibati qərar deyil, həm də milli şüurdan qaynaqlanan siyasi iradə idi.

Onun bu təşəbbüsü bir liderin cəsarətini, uzaqgörənliyini və xalqına sonsuz sevgisini nümayiş etdirirdi. Heydər Əliyev bilirdi ki, dilsiz xalq öz milli kimliyini itirər, dövlətçilik iddiası zəifləyər və nəhayət, tarix səhnəsindən silinmək təhlükəsi ilə üzləşər. Məhz bu strateji düşüncənin nəticəsi olaraq 27 aprel 1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə olundu. Bu, təkcə hüquqi deyil, həm də mənəvi inqilab idi. SSRİ kimi mərkəzləşmiş və rus dilini yeganə üstünlük daşıyıcısı kimi təqdim edən bir imperiya daxilində bu cür təşəbbüsün reallaşdırılması, heç şübhəsiz, Heydər Əliyevin siyasi nüfuzunun, diplomatik çevikliyinin və xalqına bağlılığının göstəricisidir. Ulu Öndər Heydər Əliyev bu prosesi təkcə bir dəfəlik qərar kimi təqdim etməmiş, dilin gələcək inkişafına da önəm vermişdir. Onun rəhbərliyi dövründə Azərbaycan dilində nəşrlərin, elmi və bədii ədəbiyyatın artması, dilçi alimlərin fəaliyyətinə dəstəyin gücləndirilməsi, tərcümə məktəblərinin formalaşdırılması və dilin saflığının qorunmasına yönələn tədbirlər həyata keçirilmişdir. Daha sonralar – 1993-cü ildən başlayaraq müstəqil Azərbaycanın siyasi rəhbərliyini yenidən öz üzərinə götürdükdən sonra Heydər Əliyev bu istiqamətdə daha da qətiyyətli addımlar atdı.

Onun təşəbbüsü və rəhbərliyi ilə 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikasının yeni Konstitusiyasında dövlət dilinin Azərbaycan dili olması konstitusion norma kimi təsbit edildi. Bu, artıq müstəqil dövlətin milli kimliyinin hüquqi təminatı idi və eyni zamanda Heydər Əliyevin milli ideologiyasının əsas sütunlarından birinə çevrildi. Ulu Öndərin siyasi iradəsi yalnız hüquqi sənədlərlə məhdudlaşmadı. O, 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzalayaraq, ana dilimizin dövlət strukturlarında və cəmiyyətin bütün sahələrində düzgün və geniş şəkildə istifadə olunmasını təmin edən mexanizmlər yaratdı. Bunun ardınca 2001-ci ilin 9 avqustunda “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanla hər il avqustun 1-i milli dil bayramı kimi qeyd olunmağa başlandı. Bu qərar sadəcə rəsmi tədbir deyildi – bu, xalqla dövlət arasında milli mənəviyyata əsaslanan mənəvi körpünün daha da möhkəmləndirilməsi idi.

Ulu öndər Heydər Əliyev bu sahədəki mübarizəsində daim xalqı öz ətrafında səfərbər edir, ziyalıların dilin inkişafındakı rolunu ön plana çəkir, gəncləri ana dilini qorumağa və onun zənginliklərini mənimsəməyə səsləyirdi. Onun “Hər bir azərbaycanlı Azərbaycan dilini bilməlidir, öyrənməlidir və bu dildə danışmalıdır!” çağırışı bu gün də aktuallığını qorumaqdadır. Ulu öndər Heydər Əliyevin ana dilinin dövlət dili olması uğrunda apardığı mübarizə nəticəsində bu gün Azərbaycan dili yalnız ölkəmizdə deyil, dünya azərbaycanlıları arasında da birliyin, milli kimliyin və mənəvi bağlılığın rəmzinə çevrilmişdir. Onun bu sahədəki fəaliyyətləri göstərdi ki, dil siyasəti təkcə mədəni deyil, həm də ciddi siyasi məsələdir. Ana dilinin qorunması, inkişaf etdirilməsi və dünyaya tanıdılması hər bir müstəqil dövlətin əsas vəzifələrindən biridir və bu sahədə əsas yolgöstərici məhz Ümummilli Liderin müdrik və uzaqgörən siyasətidir.

David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri