22 aprel 2025 02:58
90

Sülh yolunda ən böyük maneə: Ermənistan konstitusiyası

Paşinyan hökuməti bu mövzuda spekulyasiyanı davam etdirir

Hazırda Ermənistan konstitusiyasının dəyişdirilməsi gündəmin əsas mövzularından biridir. Çünki bu ölkənin konstitusiyasının dəyişdirilməsi Azərbaycanın əsas tələbləri sırasındadır. Səbəb isə burada Azərbaycana qarşı ərazi iddialarının yer almasıdır. Belə ki, Ermənistanın Müstəqillik Bəyannaməsinin preambulasında “Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli “Ermənistan SSR-ə yenidən birləşmək haqqında” birgə qondarma qərar yer almaqdadır. Yəni, rəsmi olaraq Ermənistan hələ də 4.4 min kv km-lik Azərbaycan torpağına iddia ortaya qoyur. Yəni, fakt açıq-aşkar ortadadır və əlavə şərhə ehtiyac yoxdur. Lakin erməni tərəfi bu mövzuda spekulyasiyanı davam etdirməkdədir. Bir müddət öncə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyə mətbuatına müsahibəsində Azərbaycanla sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş layihəsinin imzalanması prosesi barədə danışıb. O, yenə də əvvəlki fikirlərini təkrarlayıb. Əvvəlcə ölkəsinin əsas qanununda Azərbaycana qarşı ərazi iddialarının olması barədə danışan Mirzoyan məsələyə hüquqi şərh verməyə çalışıb. İddia edib ki, bu məsələ ciddi problem yaratmır: “Azərbaycanlı tərəfdaşlarımız daim Ermənistan konstitusiyasına istinad edirlər. Onlar konstitusiyamıza dəyişiklik tələb edirlər. Deyirlər ki, konstitusiyamızda, onun preambulasında bizim Müstəqillik Bəyannaməsinə istinad var ki, bu da doğrudur. Onların dediyinə görə, bizim onlara ərazi iddiamız var. Bu, o qədər də doğru deyil, çünki konstitusiyada Müstəqillik Bəyannaməsinin yalnız həmin hissələri hüquqi qüvvəyə malikdir”. Daha sonra uzun-uzadı təfsirçilik edən nazir əks-arqument gətirməyə çalışıb: “Bu arada bizim də Azərbaycan Konstitusiyası ilə bağlı narahatlıqlarımız var. İcazə verin, bir daha izah edim. Bu, sadəcə, güzgü effekti ilə irəli sürülən iddia deyil. Onların Konstitusiyasında İstiqlal Bəyannaməsinə (Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsi nəzərdə tutulur – red.) istinad var. Beləliklə, onlar öz İstiqlal Bəyannamələrində müasir Azərbaycan Respublikasının Sovet Azərbaycanının deyil, ondan əvvəl mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan edirlər. Məlumdur ki, Azərbaycan Xalq Cümhuriyyəti müasir Azərbaycan Respublikasından daha geniş ərazilər üzərində öz suverenliyini elan edib. Onun tərkibinə müasir Ermənistanın suveren ərazilərinin 60 faizdən çox hissəsi daxil idi. O zaman bizim də öz narahatlığımız olduğunu görürük, amma niyə bu məsələni daim gündəmə gətirmirik? Ona görə ki, biz bayaq dediyim kimi, öz konstitusiyamızın nümunəsində olduğu kimi görürük ki, həll yolu sülh müqaviləsindədir. Biz onu imzalayıb problemi həll edirik”.

Xatırladaq Ermənistanın baş naziri Nikol Paşinyan bundan əvvəl Müstəqillik Bəyannaməsinə istinadların yeni konstitusiyadan çıxarılması təşəbbüsü ilə çıxış etmişdi. Martın sonunda o, 2027-ci ildə yeni konstitusiyaya dair referendum keçirməyi planlaşdırdığını açıqlamışdı. Onun sözlərinə görə, konstitusiyanın dəyişdirilməsi ölkədaxili məsələdir, lakin bu, qaçılmaz surətdə “regional və beynəlxalq təsir” göstərəcək. İrəvanda keçirilən “Ədalət məhkəməsinin ədalətə nail olmaq vasitəsi kimi” adlı konfransdakı çıxışında Nikol Paşinyan, həmçinin ölkədə əvvəlki bütün konstitusiya referendumlarının xalqın həqiqi iradəsini əks etdirmədiyini bildirib.

Bu gün həqiqətən də əsas problem başda “Ermənistan və Dağlıq Qarabağın birləşməsi”nə çağıran Ermənistanın Müstəqillik Aktına açıq şəkildə istinad edən Ermənistan konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı davam edən ərazi iddialarıdır. Azərbaycanın milli təhlükəsizliyinə bilavasitə təsir edən bu iddianın konstitusiyadan çıxarılmasını tələb etməyə legitim hüququ var və bu, Ermənistanın daxili işlərinə müdaxilə kimi qələmə verilə bilməz. Sülh istəyən ölkə əsas qanunundan ərazi iddiaları olan müddəaları çıxarmalıdır. Lakin rəsmi İrəvan hələ də prosesi uzatmaqla məşğuldur.

Qeyd edək ki, Ermənistanın konstitusiyası 1995-ci il iyulun 5-də ümummilli erməni referendumu nəticəsində qəbul edilib. 2005-ci il noyabrın 27-də isə bu əsas qanunla bağlı referendum keçirilərək düzəlişlər olunub, yeni bir konstitusiya qəbul edilib. 2015-ci il dekabrın 5-də keçirilmiş növbəti ümumxalq səsverməsindən sonra yenidən konstitusiyada dəyişikliklər olunub. Bununla da dövlətin siyasi quruluşu yarı prezident respublikası sistemindən parlamentli respublikaya dəyişdirilib. Ancaq bu dəyişiklik və düzəlişlərin heç birində konstitusiya preambulasına (ön söz) diqqət edilməyib. Preambula konstitusiyanın ümumi prinsiplərini və məqsədlərini bildirir. Ön sözdə isə yuxarıda qeyd etdiyimiz məsələ təsbit edilib. 5 il əvvəl, hələ Azərbaycan torpaqları işğal altında olanda Nikol Paşinyan hökuməti konstitusiya islahatı aparacağını bəyan etmişdi. Ovaxtkı ədliyyə naziri Rüstəm Badalyan bu siyasi kampaniyanı 2020-ci ildə aparacaqlarına dair açıqlama vermişdi. Ancaq həmin müddətdən 5 il keçməsinə baxmayaraq, rəsmi İrəvan bu istiqamətdə addım atmayıb. 2020-ci ildən 2027-ci ilədək konstitusiya islahatı aparılmasının gecikdirilməsini Paşinyan hökumətinin vaxt udmaq, yaxud əlverişli şərait qazanmaq cəhdi kimi də dəyərləndirmək olar.

Sevinc Azadi, “İki sahil”