Çin yaxın beş il ərzində 300-dən çox mühüm islahatın həyata keçirilməsinə başlayacaq. Yüksəkkeyfiyyətli inkişafı məhdudlaşdıran institusional maneələrin aradan qaldırılmasına diqqət yetirəcək və informasiya texnologiyaları, rəqəmsal iqtisadiyyat, süni intellekt və ekoloji təmiz energetika da daxil olmaqla yeni keyfiyyətli istehsal sahələrinin fəal inkişafına çalışacaq.
“İki sahil” xəbər verir ki, bunu Bakıda keçirilən brifinqdə Çinin Azərbaycandakı yeni təyin olunmuş səfiri Lu Mey söyləyib.
“Son illərdə Çin bir sıra mühüm konfranslar keçirib, qarşıdakı illər və onilliklər üçün hədəf və inkişaf strategiyalarını müəyyən edib. Məqsəd islahatların hərtərəfli dərinləşdirilməsi və Çin üslubunda modernizasiyanın inkişafı, 2035-ci ilə qədər sosialist modernizasiyasının həyata keçirilməsi və əsrin ortalarınadək firavan, demokratik, mədəni, harmonik və gözəl modernləşdirilmiş sosialist dövlət qurmaqdır”, - deyə diplomat qeyd edib.
Onun sözlərinə görə, Çin yalnız özü üçün izolyasiya olunmuş modernizasiyanı hədəfləmir, bütün dünya, o cümlədən inkişaf etməkdə olan ölkələrlə birlikdə qlobal modernizasiyanın reallaşdırılması üçün səylər göstərməyə çalışır.
“Çində “Huawei”, “Alibaba”, BYD və “DeepSeek” kimi dünya miqyasında tanınmış aparıcı şirkətlər fəaliyyət göstərir. Ölkə Azərbaycanla müvafiq sahələrdə əməkdaşlığı dərinləşdirməyə hazırdır ki, bu da Azərbaycanın innovasiya və inkişafına kömək edə bilər. Pekin Azərbaycanın Çin elektron ticarət platformasından istifadə edərək öz məhsullarının Çində satışını genişləndirməsini dəstəkləyir və platforma iqtisadiyyatı sahəsində qabaqcıl təcrübəsini bölüşməyə hazırdır. Prezident İlham Əliyevin Çinə səfəri zamanı tərəflər rəqəmsal iqtisadiyyat, sənaye, aerokosmik və digər sahələrdə əməkdaşlıq barədə bir sıra sənədlər imzalayıblar ki, bu da iki ölkə arasında daha çox innovasiyaların təşviqinə və praqmatik əməkdaşlıq imkanlarının genişlənməsinə töhfə verəcək”, - deyə Lu Mey vurğulayıb.
O əlavə edib ki, Çin Prezident İlham Əliyev tərəfindən irəli sürülən inkişaf və dirçəliş strategiyasını dəstəkləyir və Azərbaycanın sosial inkişafına və əhalinin yaşayış şəraitinin yaxşılaşdırılmasına daha böyük töhfələr verməyə hazırdır: “Çin Azərbaycanda insanların rifahının təmin edilməsinə böyük önəm verir və uzun illərdir Heydər Əliyev Fondu ilə birlikdə şəhid ailələrinin uşaqlarına və həyat çətinlikləri yaşayan uşaqlara yardım məqsədilə layihələr həyata keçirir. Səfər zamanı tərəflər humanitar minatəmizləmə sahəsində əməkdaşlığın gücləndirilməsi barədə Anlaşma Memorandumu imzalayıblar. Çin öz imkanları daxilində Azərbaycana minatəmizləmə və mina qurbanlarına dəstək sahələrində humanitar yardım göstərməyə davam edir”.