29 aprel 2025 09:35
78

ABŞ qırıcısı dənizə düşüb

Yəməndə İranın dəstəklədiyi husilərə qarşı hücumlarını davam etdirən ABŞ ordusu bu dəfə qəza xəbəri ilə gündəmə gəlib.

İki sahil” xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələri Qırmızı dənizdə üzən “USS Harry S. Truman” təyyarə gəmisindəki “F/A-18E Super Hornet” döyüş təyyarəsinin gəminin anqar hissəsinə çəkilərkən idarəetmədən çıxaraq dənizə düşdüyünü açıqlayıb. Təyyarənin yedəkçi traktorunun da dənizə düşdüyü və 1 personalın yüngül xəsarət aldığı bildirilən açıqlamada, "Təyyarəni yedəkləyən dənizçilər qəzadan əvvəl təyyarədən uzaqlaşmaq üçün dərhal hərəkətə keçdilər. Məsələ ilə bağlı araşdırma davam edir", bildirilib.

Qəzanın “Harry S. Truman” təyyarədaşıyan gəmisinin əməliyyat imkanlarına təsir etmədiyi vurğulanıb.

ABŞ mətbuatında dərc edilmiş hərbi mənbələrə əsaslanan xəbərlərə görə, “USS Harry S. Truman” təyyarə gəmisinin husilərin hücumundan xilas olmaq üçün kəskin manevr edərək döyüş təyyarəsinin dənizə düşməsinə səbəb olduğu iddia edilib.

Husilərin hərbi sözçüsü Yəhya Sare son açıqlamasında Qırmızı dənizdə “USS Harry S. Truman” təyyarə gəmisi və onun döyüş gəmilərinə genişmiqyaslı hücum həyata keçirdiklərini açıqlayıb. Sare, hücumda raketlər və pilotsuz uçuş aparatlarından (PUA) istifadə edildiyini bildirmişdi.

Məhərrəm Ağalaroğlu, “İki sahil”