29 aprel 2025 11:33
101

ATİAHİ Respublika Komitəsinin təşkilatçılığı ilə növbəti ixtisasartırma təlimlərinə başlanıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) birgə təşkilatçılığı ilə keçirilən “Əmək Qanunvericiliyinin Tətbiqi Problemləri” və “Sosial Təminat Qanunvericiliyinin Tətbiqi Problemləri” mövzularında növbəti ixtisasartırma təlimləri başlayıb.

“İki sahil” xəbər verir ki, AƏSMA-nın Həmkarlar İttifaqları kadr və fəalların ixtisasartırma və yenidən hazırlanması şöbəsinin müdiri Səadət Əliyeva tədbir iştirakçılarını salamlayaraq, onlara ixtisasartırma təlimlərində uğurlar arzulayıb.

ATİAHİ Respublika Komitəsinin sədr müavini Turanə Kərimova çıxış edərək təlimlərin əhəmiyyətindən söz açıb. Onun sözlərinə görə ixtisasartırma təlimləri qanunvericiliyin düzgün tətbiqi baxımından olduqca vacibdir. T.Kərimova vurğulayıb ki, bu cür maarifləndirici təlimlər həm işçilərin hüquqlarının müdafiəsinə, həm də əmək mübahisələrinin qarşısının alınmasına xidmət edir.

Öz növbəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, təlimçi Ruslan Vəliyev də iştirakçılara əmək qanunvericiliyinin ümumi məsələləri və anlayışları haqqında ətraflı məlumat verib. Günün ikinci yarısında təlimçilər Ürfət Mürşüdov və Rəsmiyyə Abdullayeva iştirakçılara Azərbaycan Respublikasının pensiya təminatı sistemi, inklüziv sosial müdafiə və sosial xidmət mövzularında ətraflı məlumat veriblər.

Təlimlər zamanı iştirakçılar real praktik nümunələr əsasında maarifləndirilib, sual-cavab sessiyasında isə onları maraqlandıran məsələlər müzakirə olunub və cavablandırılıb.

Qeyd edək ki, təlimlərdə ATİAHİ RK-nin üzv təşkilatların 32 sədri iştirak edir. Təlimlər 2 may tarixinə qədər davam edəcək.