Aprelin 30-da Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) inzibati binasında Azərbaycan Boks Federasiyası ilə əməkdaşlığa dair görüş keçirilib.
“İki sahil” xəbər verir ki, görüşdə Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov və AHİİTA İctimai Birliyinin direktoru Tural Qasımovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Tərəflər arasında aparılan müzakirələrdə boks idman növünün inkişaf etdirilməsi, birgə idman layihələrinin icrası, çempionat və turnirlərin təşkili, eləcə də gənclərin bu idman növünə marağının artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Nağı Səfərov görüş zamanı bildirib ki, Azərbaycan Boks Federasiyası olaraq ölkədə boksun inkişafı və kütləviləşdirilməsi istiqamətində geniş fəaliyyət göstərir. AHİİTA ilə əməkdaşlıq, bu sahədə həm idmançılar, həm də gənclər üçün yeni imkanlar yaradacaq.
Tural Qasımov isə çıxışında qeyd edib: “Biz AHİİTA olaraq həmkarlar arasında sağlam həyat tərzinin təşviqində boks kimi fiziki və mənəvi cəhətdən gücləndirici idman növlərinə xüsusi yer ayırırıq. Federasiya ilə birlikdə reallaşdıracağımız layihələr gənclərin inkişafı və idman dəyərlərinin aşılanması baxımından böyük əhəmiyyət daşıyır.”
Bu görüş, gələcəkdə yerli və beynəlxalq arenalarda ortaq idman təşəbbüslərinin reallaşdırılması istiqamətində atılmış mühüm addımlardan biri kimi qiymətləndirilir.