03 may 2025 03:01
184

Koronavirusu ABŞ yayıb?

“SARS-CoV-2” koronavirusu ABŞ-da Çinin Uhan şəhərində olduğundan daha tez ortaya çıxmış ola bilər. “Daily Mail”in yaydığı məlumatda bildirilir ki, bu barədə Çin Xalq Respublikası Dövlət Şurasının İnformasiya İdarəsinin dərc etdiyi "Ağ kitab"da yazılıb.

“Ağ kitab”da Çin Dövlət Şurasının İnformasiya Bürosu ABŞ prezidenti Donald Trampın virusun o vaxt SARS-CoV-2 ilə eksperimentlər aparan Uhan Virusologiya İnstitutunda (WIV) yaradıldığına dair açıqlamalarını təkzib etməyə çalışır. Ağ Evin xüsusi saytında COVID-19-a həsr olunmuş səhifədə onun təbiətdə tapıla bilməyən bioloji xüsusiyyətlərə malik olduğu qeyd olunur.

"Əsaslı sübutlar göstərir ki, COVID-19 ABŞ-da rəsmi olaraq bildiriləndən və Çində yayılandan daha tez ortaya çıxmış ola bilər",-deyə sənəddə bildirilir.

Amerikanın Florida ştatına xüsusi diqqət yetirilir. Orada ilk koronavirus infeksiyası rəsmi olaraq 2020-ci il martın 1-də aşkarlanıb. Ancaq “Ağ Kitab”da qeyd olunduğu kimi, regionda virusun yayılması göstərilən tarixdən 2 ay əvvəl başlayıb. Üstəlik, yoluxanların əksəriyyəti ölkədən kənara çıxmayıb. ABŞ hakimiyyətinin bu məlumatı “yox etdiyi” və məlumatları emal edən əməkdaşların işdən çıxarıldığı güman edilir.

“ABŞ hökuməti COVID-19-la mübarizədə uğursuzluğunu açıq etiraf etmək və onun çatışmazlıqları üzərində düşünmək əvəzinə, “SARS-CoV-2”nin mənşəyinin araşdırılmasını həyasızcasına siyasiləşdirərək, günahı başqasına yıxmağa və insanların diqqətini yayındırmağa çalışır”, - müəlliflər əlavə ediblər.

Nubar Süleymanova, “İki sahil”