Hindistanın cənubundakı Qoa ştatında məbəd yanında dini mərasim zamanı baş vermiş basabas nəticəsində azı 6 nəfər ölüb, 50-dən çox insan yaralanıb.
“İki sahil” TASS-a istinadən xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.
Onun məlumatına görə, faciə ştatın şimalında Şirqaon məbədi yanında minlərlə dindarın toplandığı illik yürüş zamanı baş verib. Şahidlərin bildirdiyinə görə, zəvvarlar arasında qəflətən panika başlayıb, insanlar tələsik mərasimi tərk etməyə başlayıblar ki, bu da basabasa yol açıb.
Olay yerinə təcili yardım xidmətləri və polis əməkdaşları gəliblər. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Araşdırma başlanılıb.
İlkin məlumatlara görə, basabas böyük insan kütləsinin nəzarəti və asayişin təmin edilməsi üçün yetərincə tədbirlərin görülməməsi səbəbindən baş verə bilərdi.