03 may 2025 09:07
130

ABŞ və İsrail Qəzza sakinlərinə humanitar yardımın bərpası haqqında razılaşma hazırlayıblar

ABŞ və İsrail Qəzzada fələstinlilərə humanitar yardımın HƏMAS-ın nəzarəti olmadan çatdırılmasının bərpası barədə razılaşmaya yaxındırlar.

“İki sahil” xəbər verir ki, bu barədə “Axios” portalı məlumatlı İsrail və Amerika rəsmilərinə istinadən bildirib.

“Yeni mexanizm ehtiyacı olan insanlara dəstək göstərəcək və yardımın HƏMAS kimi terror qrupları tərəfindən yönləndirilməyəcəyinə, qarət edilməyəcəyinə və ya təyinatından kənar istifadə edilməyəcəyinə zəmanət verəcək”, – mənbələrdən biri bildirib.

“Axios”a görə, razılaşma nəzərdə tutur ki, yardım əməliyyatları beynəlxalq fond vasitəsilə həyata keçiriləcək, ona humanitar təşkilatlar rəhbərlik edəcək və məsləhət şurası tanınmış beynəlxalq xadimlərdən ibarət olacaq.

Portal qeyd edib ki, tərəflər fondun fəaliyyətini, o cümlədən humanitar yardımın alınmasını maliyyələşdirəcək donor ölkələrlə aktiv danışıqlar aparırlar.

Portal diqqətə çatdırıb ki, iki ay əvvəl Qəzzada atəşkəs razılaşmasının uğursuzluğundan sonra İsrail anklavda bütün humanitar yardım təchizatını – ərzaq, su və dərman təchizatını bloklayıb ki, bu da humanitar böhranı daha da ağırlaşdırıb.

İsrail rəsmiləri iddia edirlər ki, atəşkəs zamanı HƏMAS Qəzzaya daxil olan humanitar yardımın böyük hissəsini nəzarətə götürə bilib və onun satışından əldə edilən milyonlarla dolları “hərbi qanadının üzvlərinin xidmətlərinin ödənilməsi üçün” istifadə edib.