03 may 2025 20:51
140

BMT-yə və digər beynəlxalq təşkilatlara Qərbi azərbaycanlıların qayıdış hüququnun təmin olunması ilə bağlı müraciət göndərilib

Mayın 3-də Qərbi Azərbaycan İcmasının Qadınlar Şurası, ABŞ-ın Şimali Karolina Universitetinin Sülh və Münaqişə Araşdırmaları Departamenti və Amerika-Türkiyə Assosiasiyası Assambleyasının birgə təşkilatçılığı ilə “Dəyişən dünyada birgə və sülh şəraitində yaşamağın mümkünlüyü” mövzusunda onlayn beynəlxalq konfrans keçirilib.

“İki sahil” xəbər verir ki, BMT tərəfindən qəbul edilmiş 16 May - Beynəlxalq Dinc Yanaşı Yaşamaq Günü və 21 May - Dialoq və İnkişaf Naminə Beynəlxalq Mədəni Müxtəliflik Günü ərəfəsində baş tutan konfransın keçirilməsində məqsəd müxtəlif ölkələrin tanınmış xadimlərinin diqqətini Qərbi Azərbaycana qayıdış prosesinə çəkməklə, bu problemin beynəlxalq səviyyədə ictimailəşdirilməsidir.

Ondan çox xarici ölkədən 200-ə yaxın iştirakçının qatıldığı onlayn konfransda müxtəlif ölkələrdən tanınmış siyasətçilər, vətəndaş cəmiyyəti liderləri, ABŞ, Kanada və İspaniya kimi bir sıra ölkələrin nüfuzlu universitetlərindən alim və tədqiqatçılar çıxış ediblər.

Sonda konfrans iştirakçıları adından BMT-yə və digər beynəlxalq təşkilatlara Qərbi azərbaycanlıların qayıdış hüququnun təmin olunması ilə bağlı müraciətlər göndərilib.

Xatırladaq ki, BMT tərəfindən qəbul edilmiş 16 May - Beynəlxalq Dinc Yanaşı Yaşamaq Günü və 21 May - Dialoq və İnkişaf Naminə Beynəlxalq Mədəni Müxtəliflik Günü dünyada 2017-ci ildən bəri hər il beynəlxalq gün kimi qeyd edilir. BMT-nin insan hüquqları və qaçqınların hüquqları ilə bağlı qəbul etdiyi digər sənədlər kimi, bu iki qərarın da mahiyyəti, tələbi Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasının məqsəd və hədəflərinin həyata keçirilməsinin tam beynəlxalq hüquqi bazasını təşkil edir.