04 may 2025 12:40
107

Banqkokda göydələnin uçması nəticəsində ölənlərin sayı artıb

Tailandın paytaxtı Banqkokda zəlzələdən sonra tikilməkdə olan Baş Auditor İdarəsinin binasının uçması nəticəsində ölənlərin sayı 86-ya çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə paytaxtının administrasiyası məlumat yayıb.

"Axtarış-xilasetmə əməliyyatı nəticəsində 86 meyit tapılıb və onların şəxsiyyəti müəyyən edilib. Hazırda itkin düşən səkkiz nəfərin axtarışları davam etdirilir", - koordinasiya qərargahından bildirilib.

Məlumata görə, xilasetmə xidmətləri şəhərin şimalındakı Çatuçak rayonunda 30 mərtəbəli binanın dağıntılarını təmizləmək üçün axtarış işlərini davam etdirir.

Daha əvvəl Tailandın paytaxtında binanın uçması nəticəsində 74 nəfərin öldüyü bildirilib.

Xatırladaq ki, Myanmada martın 28-də 8,2 bal gücündə zəlzələ baş verib. Ölkədə zəlzələ nəticəsində ölənlərin sayı 3,8 min nəfərə çatıb. Zəlzələ Tailanda da baş verib, güclü təkanlar Banqkok və onun ətraflarında, həmçinin krallığın şimal, şimal-şərq, mərkəzi və cənub bölgələrində hiss olunub. Baş Auditor İdarəsinin binası Tailandın paytaxtında yeganə bina olub ki, yeraltı təkanların gücünə tab gətirə bilməyib və uçub.