05 may 2025 12:03
201

Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə BDU-da idman turnirinin bağlanış mərasimi keçirilib

Bakı Dövlət Universitetində (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi və İdman-sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə və “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş idman turnirinin bağlanış mərasimi keçirilib. 

“İki sahil” xəbər verir ki, rəsmi hissədən əvvəl idman yarışları çərçivəsində fakültələrarası futbol turnirində III yerin sahibi müəyyən edilib və final oyunu keçirilib.

Oyunların nəticələrinə görə, Ekologiya və torpaqşünaslıq fakültəsi Fizika fakültəsinə qalib gələrək, turnirdə III yerə layiq görülüb. Finalda isə Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi Tarix fakültəsinə qalib gəlib.

Daha sonra bağlanış mərasimi keçirilib. Mərasim Dövlət Himni ilə başlayıb, daha sonra Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən BDU-nun Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev qeyd edib ki, Azərbaycan xalqı Ümummilli Lider, müstəqil dövlətimizin memarı və qurucusu, BDU-nun dünyaşöhrətli məzunu Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünü böyük sevinc və ehtiramla qarşılayır. Prorektor çıxışında Azərbaycan gənclərinin həm təhsil, həm idman sahəsində bütün dünyada öz uğurları ilə seçildiyini bildirib və BDU komandalarının ölkədaxili yarışlarda müxtəlif idman sahələrəldə əldə etdiyi nailiyyətlərdən bəhs edib.

Sonra Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) sədrinin birinci müavini Tehranağa Abdullayev və BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Zöhrab Cavadzadə müxtəlif idman növləri üzrə keçirilən yarışlarda uğur qazanan komandaları təbrik ediblər.

Tehranağa Abdullayev çıxışında Ulu Öndər Heydər Əliyevin idman, elm və təhsil sahələrinə hər zaman xüsusi önəm verdiyini vurğulayıb. O bildirib ki, Prezident İlham Əliyev bu gün də gənclərin hərtərəfli inkişafını dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri kimi müəyyən edir.

Qaliblər kubok və medallarla təltif olunublar. İdman turnirində 5 idman növü üzrə 300-dək tələbə iştirak edib.