Masallıda voleybol idman növü üzrə rayon turniri keçirilib. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş turnirdə Masallı rayon tam orta ümumtəhsil məktəblərinin komandaları yarışıblar.
Masallı Olimpiya Kompleksində təşkil edilən turnirdə 7 məktəb komandası olmaqla 80 nəfər idmançı iştirak edib. Gərgin mübarizə şəraitində keçən oyunda birinci yeri Hişkədərə kənd E. Ağayev adına tam orta məktəbi qazanıb. İkinci yerə Türkoba kənd S. Vurğun adına tam orta məktəbin, üçüncü yerə isə Qodman kənd C. Kazımov adına tam orta məktəbin komandası layiq görülüb.
Qalib komandalar turnirin təşkilatçısı olan Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin kubok və diplomları ilə təltif ediliblər.
Masallıda təşkil olunan mini futbol idman növü üzrə rayon turniri də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı idi. Rayondakı “Ərkivan” arenada keçirilən, 4 komandanın mübarizə apardığı turnirin birincisi Masallı Rayon İcra Hakimiyyətinin komandası olub. İkinci yeri Masallı Uşaq Gənclər İdman-Şahmat Məktəbinin komandası, üçüncü yeri Masallı Uşaq-Gənclər İdman Məktəbin komandası qazanıblar.
Qalib gələn idmançılar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən kubok və diplomlara layiq görülüblər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü