07 may 2025 01:57
192

Adını tarixə həkk etmiş dahi şəxsiyyət

Prezident İlham Əliyev: “Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman Vətəni, xalqı üçün əziz olaraq qalacaq”

Mayın 10-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 ili tamam olur. Azərbaycan xalqı onun taleyində və tarixində silinməz izlər qoymuş Ümummilli Lider Heydər Əliyevi bir daha ehtiramla xatırlayır. Dünya şöhrətli Heydər Əliyev hələ sağlığında əfsanələşən, siyasət olimpini fəth etmiş nadir şəxsiyyətlərdən biridir. Heydər Əliyev siyasət aləminin patriarxı, tarixin gedişinə təsir göstərmək qüdrətinə, polad iradəyə malik yenilməz şəxsiyyət kimi səciyyələndirilir. Hazırda Azərbaycanın iqtisadi, mədəni, siyasi, sosial həyatının elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyevin imzası olmasın. Azərbaycanın ən yeni tarixinin böyük bir erası məhz Onun adı ilə bağlıdır. Heydər Əliyev erası Azərbaycanda quruculuq, inkişaf, sabitlik, tərəqqi, müstəqillik dövrüdür. Ulu Öndər Heydər Əliyev ideoloji baxımdan iki ziddiyyətli dövrdə - Sovet İttifaqının tərkibində olanda və müstəqillik dövründə Azərbaycana rəhbərlik edib, amma hər iki dövrün bir səciyyəvi cəhəti var. Bu da ondan ibarətdir ki, fərqli ideoloji dövrdə hakimiyyət sükanı arxasında olmasına baxmayaraq, hər iki dövrdə onun fəaliyyəti Azərbaycan dövlətçiliyinin, xalqının inkişafına, mənafeyinə xidmət edib. Bu gün böyük fəxarətlə bəhs etdiyimiz azərbaycançılıq məfkurəsi, multikulturalizm ideyaları, tolerantlıq məsələlərinin hamısı böyük dövlət xadiminin hələ Sovet dövründə Azərbaycanda həyata keçirdiyi siyasətlə bağlı olub.

XX əsrin 60-cı illəri təhlükəsizlik orqanlarından respublikanın Ali Rəhbərinədək olan yolda vətəninə bağlı Ulu Öndərin prinsipiallığı nəticəsində Azərbaycan xalqının milli maraqları dominant sayılmışdır. Ulu Öndərin birinci hakimiyyəti zamanında ölkədə milli düşüncə, milli ruh, milli kimliyin oyadılmasında danılmaz xidmətləri olmuşdur. Tarixi Şuşanı çox sevən Ulu Öndər onun iqtisadi-mədəni inkişafında da böyük səylər göstərmişdi. Prezident İlham Əliyev 3 may 2022-ci il Şuşada keçirilən konfransda qeyd edir ki: “Heydər Əliyev həmişə Azərbaycan xalqının maraqlarını qoruyan bir şəxs olmuşdur və bunu zamana, siyasi vəziyyətə baxmayaraq etmişdir. Sovet Azərbaycanı dönəmində 10 ildən artıq müddətdə Sovet Azərbaycanı Rəhbəri olanda və hətta ideoloji əngəllər çərçivəsində O, Azərbaycan xalqının maraqlarını qoruyurdu və milli kimliyimizi saxlaya bilməyimiz üçün əlindən gələni etməyə çalışırdı. Yetmişinci illərdə və səksəninci illərin əvvəlində onun tərəfindən atılmış bir çox addıma nəzər salsaq görərik ki, onlar Azərbaycanın müstəqilliyinə hədəflənmişdi”.

Kremldə fəaliyyət göstərdiyi illərdə - 1982-1987-ci illərdə Siyasi Büronun üzvü olmaqla, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə yüksələndə də, Ulu Öndərin qəlbi daim xalqımızla birgə döyünmüşdür. Ulu Öndər təkcə həmin dövrdə deyil, bütün həyatı boyu Azərbaycanın və xalqının rifahını düşünərək bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərib, ömrünü bu yolda fəda etdiyi üçün yaddaşlarda əbədiyaşarlıq qazanıb. O, hələ sağlığında hər bir azərbaycanlının qəlbində əbədi heykəlini qoymuşdu. Məhz Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə xalqımız tarixin ən sərt və çətin sınaqlarından alnıaçıq, üzüağ çıxıb, müstəqil dövlətdə yaşamaq və özünü idarə etmək haqqını qorumağı bacarıb. 1987-ci il oktyabr plenumunda Heydər Əliyev SSRİ-nin ovaxtkı rəhbəri Mixail Qorbaçovun millətlər arasında ədavət toxumu səpməsinə, ayrı-seçkilik etməsinə, ümumiyyətlə, siyasi xəttinə etiraz əlaməti olaraq Siyasi Büronun üzvlüyündən və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindən istefa verdi. Bundan istifadə edən ermənilər öz havadarlarının köməyi ilə Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağa və ölkəmizə qarşı ərazi iddialarını açıq şəkildə həyata keçirməyə başladılar. "Torpaqdan pay olmaz" deyərək ayağa qalxan və kükrəyən xalqımızın haqq səsi Kremli silkələdi. Sovet rəhbərliyinin 1990-cı ilin yanvarında xalqımıza qarşı qanlı faciəni törətdiyi ən ağır vaxtda Moskvada yaşayan Heydər Əliyev həyatını təhlükə qarşısında qoyaraq, qanlı faciəsinin baş verdiyi günün ertəsi - 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək siyasi bəyanatla çıxış etdi. Ulu Öndər 20 Yanvar faciəsinə etirazını bildirməklə sovet rəhbərliyinin cinayətkar əməllərini ifşa etdi. Məhz Ulu Öndərin səsi Kremlin ölkəmizin ətrafında yaratdığı informasiya blokadasını yardı. Öncə Naxçıvanı çətin durumdan xilas edən Ulu Öndər 1993-cü ildə xalqın təkidi və tələbi ilə Bakıya qayıtdı. Beləliklə, Azərbaycanın dövlətçiliyi, millətimiz və vətənimiz xilas oldu. Azərbaycan yenidən dinamik inkişaf tempi əldə etdi. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.

"Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır",- deyən Ulu Öndər bütün ömrünü xalqına həsr etməklə, onun səsinin dünyanın ən yüksək tribunalardan gəlməsinə nail olmaqla əsaslı bir məktəbin təməlini qoydu. Bu gün hər bir Azərbaycan gənci o şərəfli məktəbin layiqli şagirdi olmaq uğrunda əzmlə çalışır. Heydər Əliyevin ideyaları, dərin biliyi, uzaqgörənliyi, mərdliyi bu gün biz gənclər üçün örnək olmaqla yanaşı, həm də dövlət qarşısında olan sadiq fəaliyyətimizdə əbədi məşələ çevrilmişdir. Dahi şəxsiyyətin ən ümdə arzusunu bu gün onun siyasətinin layiqli davamçısı, Azərbaycan xalqının mərd oğlu, Qalib Lider, Prezident İlham Əliyev "Dəmir yumruq" siyasəti ilə güclü ordumuzun rəşadətli əsgər və zabitlərinin qəhrəmanlığı ilə "Şuşasız işimiz yarımçıq qalar" deyərək yerinə yetirdi. Prezident İlham Əliyev "Qarabağ Azərbaycandır!" deyərək, bu məsələnin nidasını qoydu və Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Beləliklə də, Prezident İlham Əliyev "ata vəsiyyətini" yerinə yetirərək bütün Azərbaycan xalqını xoşbəxt etdi. Bəli, dahi şəxsiyyətin müəyyənləşdirdiyi müdrik siyasi kurs bu gün də, gələcəkdə də dəyişməz olaraq qalacaqdır.

Sevinc Azadi, “İki sahil”