07 may 2025 03:01
207

Prezidenti yalançı və həyasız olanın…

Serjik Sarkisyan bir məsələyə bir neçə əks mövqe bildirir

Anormal görkəmi olan eks-prezident Serjik Sarkisyan Bakı Hərbi Məhkəməsində dəfələrlə adının çəkilməsindən qorxuya düşərək alibi qazanmaq üçün yalan danışmağı çarə hesab edir. Məhkəmədə ifadə verən Davit İşxanyan heç özü də bilmədən Serjikin yalanını ifşa edib. Belə ki, 1994-cü ildə atəşkəsin qəbul edilməsinə qarşı çıxan saxta qurumun “müdafiə naziri” olan Sarkisyan Davit İşxanyanın komandir olduğu tabora gələrək ondan və tanınmış terrorçu Monte Melkonyandan döyüşün gedişatı barədə raport verməyi əmr edib. Sonra o, komandirlərə bildirib ki, bizim vəzifəmiz mümkün qədər çox ərazi işğal etməkdir. Bu sözləri lovğalıqla deyən adam indi həmin fikri tamamilə tərsinə ifadə edir. Guya bu bicbala müharibənin davam etdirilməsini, geniş ərazi işğal etməyi düzgün hesab etmirmiş. İndi dediklərini danaraq yalanlar uydurur: “1994-cü ildə atəşkəsin imzalanmasının səhv olduğunu iddia edənlər vəziyyətə dərindən bələd deyildilər. Deyirdilər ki, niyə döyüşləri dayandırdınız? Yaxşı, əgər dayandırmasaydıq Bakıya qədər irəliləyib  onlara deyəcəkdik ki, tanıyın?”

 Xəbər verilir ki, bu fikirləri Ermənistanın keçmiş prezidenti Serjik Sarkisyan Ermənistan Universitetində tələbə və müəllimlərlə görüşü zamanı 1994-cü il mayın 12-də Bişkekdə Azərbaycanla imzalanmış atəşkəs  barədə danışarkən bildirib. Onun sözlərinə görə, əsas məsələ hərbi əməliyyatlar zamanı ərazi ələ keçirmək deyil: “Çünki həmin torpaqları saxlamaq və qorumaq üçün sonradan ciddi imkanlara malik olmaq lazımdır. Biz o vaxt cəbhə xəttini iki-üç dəfə genişləndirib onu müdafiə edə biləcək gücdə idikmi? Əlbəttə ki, xeyr”.

Görürsünüzmü Xocalı qatili aradan necə çıxmaq planı düşünüb?                

Sarkisyan qeyd edib ki, həmin sənədə Dağlıq Qarabağın “nümayəndəsi” də imza atmışdı və Azərbaycan, xüsusən Aprel döyüşlərindən sonra bu “reallığı” sıradan çıxarmağa başladı.

Azərbaycan Prezidenti İlham Əliyev Tərtərin Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldarkən Serjik Sarkisyanın necə zərərli ünsür olduğunu dəfələrlə vurğulayıb: “Mən deyəndə ki, Serjik hərbi cinayətkardır, bunu təkcə mən demirəm, bunu bölgə ilə tanış olan bütün qərəzsiz və müstəqil politoloqlar, jurnalistlər deyirlər”.

Dövlət başçısı Sarkisyanın Britaniyalı jurnalistə verdiyi müsahibədə Xocalı soyqırımını şəxsən özü törətdiyini dediyini bildirib: “Bunun da izahatını vermişdi ki, azərbaycanlılar bilməlidirlər, biz onlarla zarafat etmirik, Ermənistan ordusu dinc əhaliyə qarşı silah qaldıra bilər. Bu qanlı cinayətkar Serjik Sarkisyandır. Xain deyirəm, bu, təhqir deyil. O, hər addımbaşı xəyanət edib. Birincisi, çörəyini yediyi Azərbaycan xalqına. İkincisi, onun rəhbəri olan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin birinci katibi Boris Gevorkova ki, onun yavəri olub, onun qovluq daşıyanı olub. Bu, onun tərcümeyi-halında da var, bəlkə də onu sildirib, amma bizim arxivlərdə var. Çünki onun vəzifələrə təyin olunması Bakıdan keçirdi. Bizim arxivlərdə hər şey var. Serjik Sarkisyan Boris Gevorkovun rəsmən köməkçisi vəzifəsini daşıyırdı, amma faktiki olaraq nökəri, kabab bişirəni və istirahət məclislərinin təşkilatçısı funksiyasını yerinə yetirirdi. Sonra nə oldu? Sonra separatist hərəkat başlayan kimi Serjik Gevorkovu satdı, xəyanət etdi. Bu, ikinci xəyanət. Üçüncü xəyanət onun rəhbəri olan Koçaryana qarşı idi. İndi Ermənistanda bunu bilməyən yoxdur. Serjiki qulağından tutub vəzifələrə gətirən Koçaryan olmuşdur. Bütün vəzifələrə onu o, təyin edib. Prezident vəzifəsinə də zorla o, təyin etdirib. Halbuki erməni xalqı Serjikə nifrət edirdi. Ondan sonra nə oldu? Heç bir il keçmədi Köçaryanı artıq kənara qoydu, heç telefonlarına da cavab vermirdi. Görün, bu, nə qədər alçaq xislətli bir ünsürdür”.

Bakı Hərbi Məhkəməsində istintaq davam etdikcə, saxlanan sirlər açıldıqca, əməlləri faş olduqca Serjikin canını vahimə bürüyür. Anlayır ki, təhlükə ona da yaxınlaşır. Çünki azərbaycanlıların soyqırımlarında, kənd və şəhərlərin, müqəddəs ziyarətgahların dağıdılıb xaraba qoyulmasına, sərvətlərimizin Ermənistana daşınmasına başçılıq edən üç  rəhbərdən biri olub. Bu faktlar bir vaxt at oynadan Serjikin özünə qarşı sübuta çevrilib. Ona görə də rahatlıq tapa bilmir, əvvəlki saxta qürurundan, təkəbbüründən əsər-əlamət qalmayıb. İndi murdar dərisini qorumaq üçün yeni yalanlar uydurur. Lakin Bakıya “çay içməyə” gətirilənlər onun gizlətdiyi yalanlarının üstünü bir-bir açırlar. Serjik onun cinayətlərinin iştirakçılarına və şahidlərinə etiraz edə bilməz. Azərbaycan təhdidlərə əhəmiyyət vermədən xaricdən də onlara kömək etməyə çalışanları öz yerlərində otuzdurur.  Aqillər belələrini pislikdən çəkindirmək üçün deyiblər: “Gen qaz, dərin qaz, axırda özün düşərsən.”

Ancaq Serjik kimi yekəbaşlar bu hikməti anlamazlar, hələ o ağılda deyillər ki, sözdən nəticə çıxarsınlar. Buna görə də hərbi cinayətkarlar qazdıqları quyunun bir addımlığında key vəziyyətdə durublar. Son addım son məhkəmə iclasında atılacaq və gözlədiyimiz hökm veriləcək.

Vəli İlyasov, “İki sahil”